İran Hörmüzdə gəmilərə yenidən hücum etdi

Hörmüz boğazı yaxınlığında Qətərə məxsus LNG tankeri və Səudiyyə Ərəbistanına aid neft tankeri zədələnib. ABŞ rəsmiləri hücumlarda İranı ittiham edir, Qatar isə Tehranın tam hüquqi məsuliyyət daşıdığını bildirib.

13

Hörmüz boğazı yaxınlığında bir neçə kommersiya gəmisinə hücumdan sonra Qətərə məxsus LNG tankeri və Səudiyyə Ərəbistanına aid neft tankeri zədələnib.

MSNews.az xəbər verir ki, “Reuters” ABŞ rəsmisinə istinadən ilkin məlumatların İranın iki kommersiya gəmisinə atəş açdığını göstərdüyünü yazıb. Eyni mənbənin məlumatına görə, hücumlara görə məsuliyyəti hələlik heç bir tərəf üzərinə götürməyib.

“Axios” isə iki ABŞ rəsmisinə istinadən İran hərbçilərinin Hörmüz boğazından keçən kommersiya gəmilərinə ən azı iki raket atdığını bildirib. Mənbənin məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusu daha sonra üçüncü kommersiya gəmisinə də hücum edib.

Hücum nəticəsində Qətərə məxsus “Al Rekayyat” adlı LNG tankeri zədələnib. “Reuters” yazır ki, tanker mərmi zərbəsindən sonra Hörmüz boğazı yaxınlığında hərəkətsiz qalıb və gəmidəki yanğının söndürülməsindən sonra xilasetmə əməliyyatlarının başlanacağı gözlənilir. Mənbəyə görə, ekipaj təhlükəsiz şəkildə təxliyə olunub, LNG çənləri isə zədələnməyib.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi — “UKMTO” — Oman sahilləri yaxınlığında tankerin naməlum mərmi ilə vurulduğu, gəmidə yanğın baş verdiyi və ilkin məlumata görə, itki olmadığı barədə xəbərdarlıq yayıb. “Anadolu Agentliyi” hadisənin Limahdan təxminən 8 dəniz mili şərqdə qeydə alındığını yazıb.

Qatar Xarici İşlər Nazirliyi hücuma görə İranı tam hüquqi məsuliyyət daşımaqda ittiham edib və İranın müvəqqəti işlər vəkilini çağıraraq etiraz bildirib. “Reuters” bunun fevralda başlayan müharibədən bəri Qətərə məxsus LNG gəmisinə edilən ilk hücum olduğunu qeyd edib.

Hadisə regionda gəmiçilik təhlükəsizliyinə təsir edib. “Reuters” gəmi izləmə məlumatlarına əsasən azı dörd neft və qaz tankerinin Hörmüz boğazından keçmək cəhdindən imtina etdiyini, təhlükə səviyyəsinin isə “severe” — ciddi təhlükə — mərhələsinə qaldırıldığını yazıb.

“Associated Press” yazır ki, ABŞ hərbçiləri İranın Hörmüz boğazında üç gəmini hədəfə aldığını əsas gətirərək İran ərazisində zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı bu əməliyyatların beynəlxalq su yolunda kommersiya gəmiçiliyinə hücumlara cavab olduğunu bildirib.