Əliyev İordaniya XİN rəhbərini qəbul etdi

Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib. Görüşdə qarşılıqlı səfərlər, iqtisadi əməkdaşlıq, energetika, investisiyalar və birbaşa aviareyslər müzakirə olunub.

11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib.

MSNews.az xəbər verir ki, bu barədə “AZƏRTAC” məlumat yayıb. Görüş zamanı Əymən Əs-Safadi İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və Prezident İlham Əliyevə İordaniyaya səfər dəvətini çatdırıb. Dövlət başçısı salamlara görə təşəkkür edib və öz növbəsində İordaniya Kralını Azərbaycana səfərə dəvət edib.

İordaniyanın rəsmi “Petra” agentliyi yazır ki, görüşdə Azərbaycan-İordaniya münasibətlərinin inkişafı, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və iki ölkə rəsmiləri arasında koordinasiyanın davam etdirilməsi məsələləri müzakirə olunub. Mənbənin məlumatına görə, tərəflər iqtisadiyyat, energetika, investisiyalar və turizm sahələrində əməkdaşlıq imkanlarını xüsusi vurğulayıblar.

Söhbət zamanı Azərbaycan və İordaniya arasında dostluq və qardaşlıq prinsiplərinə əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin və təmasların əhəmiyyəti qeyd olunub. Həmçinin regional məsələlər, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlərarası əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. “Petra”nın məlumatına görə, tərəflər 2025-ci il noyabrın 26-da Bakıda keçirilmiş Azərbaycan-İordaniya Birgə Komissiyasının nəticələri üzərində işləməyin vacibliyini də vurğulayıblar.

Turizm sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycanla İordaniya arasında birbaşa və müntəzəm aviareyslərin inkişafı da müzakirə olunub. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, may ayının sonundan etibarən Azərbaycan və İordaniya arasında birbaşa müntəzəm reyslər həftədə bir dəfə həyata keçirilir və tərəflər reyslərin sayının artırılmasını müzakirə ediblər.

Səfər çərçivəsində Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasportları sahibləri üçün viza tələbinin qarşılıqlı ləğvi, həmçinin energetika sahəsində əməkdaşlığa dair sənədlər də imzalanıb.