London və Vatikan arasında Polşa uğrunda geosiyasi rəqabət – TƏHLİL

Siyasi araşdırmaçı Pərviz Əliyev Şərqi Avropada Polşanın rolunu, London-Varşava-Kiyev xəttini və Vatikanın mümkün geosiyasi maraqlarını təhlil edib.

83

Siyasi araşdırmaçı Pərviz Əliyevin fikrincə, Şərqi Avropada baş verən proseslər yalnız Rusiya-Ukrayna müharibəsi kontekstində deyil, London, Brüssel, Vatikan və Moskva arasında daha geniş geosiyasi mübarizə prizmasından da qiymətləndirilməlidir.

Onun sözlərinə görə, Polşa bu prosesdə xüsusi mövqeyə malikdir. Əliyev hesab edir ki, Varşava hazırda ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Şərqi Avropa xəttində əsas dayaqlardan biri kimi çıxış edir:

“Polşa artıq sadəcə Şərqi Avropa dövləti deyil. O, Baltikyanı ölkələrdən Ukrayna və Rumıniyaya qədər uzanan hərbi-ideoloji xəttin əsas qovşağına çevrilib. Bu xəttin əsas ideoloji dayaqlarından biri isə rusofobiyadır”.

Pərviz Əliyev bildirir ki, Böyük Britaniya üçün bu xəttin güclənməsi Rusiya və Belarus üzərində təzyiq mexanizmi kimi əhəmiyyətlidir. Onun fikrincə, Londonun strateji məqsədi Rusiyanın qərb və cənub istiqamətlərində manevr imkanlarını daraltmaqdır:

“Anqlo-sakson geosiyasətinin klassik məqsədlərindən biri Rusiyanı isti dənizlərdən uzaqlaşdırmaq, onu daha çox şimal-şərqə sıxışdırmaq olub. Bu gün Arktikada rəqabətin güclənməsi fonunda həmin strategiya yeni formada davam edir”.

Araşdırmaçının sözlərinə görə, 2022-ci ildən sonra Böyük Britaniya Avropa qitəsində təsirini qorumaq üçün Polşa, Ukrayna, Baltikyanı ölkələr və ehtimal olaraq Türkiyənin iştirak edə biləcəyi yeni hərbi-siyasi formatlar üzərində düşünməyə başlayıb. Bu kontekstdə London-Varşava-Kiyev xətti xüsusi əhəmiyyət qazanır.

Lakin Əliyev hesab edir ki, Vatikan bu oxun güclənməsində maraqlı deyil və xüsusilə Kiyev-Varşava münasibətlərindəki tarixi ziddiyyətləri diqqətlə izləyir:

“Vatikan üçün əsas məsələ Londonun Polşa üzərindən Şərqi Avropada tam dominant mövqe qazanmasının qarşısını almaqdır. Çünki Polşa yalnız hərbi-siyasi deyil, həm də katolik kimliyi baxımından Avropanın ən vacib ölkələrindən biridir”.

Pərviz Əliyevin fikrincə, Vatikanın mümkün strategiyası Polşanı liberal Avroatlantik xəttdən tamamilə asılı vəziyyətdə saxlamaq yox, onu daha konservativ, katolik və kontinental Avropa layihəsinin mərkəzlərindən birinə çevirmək ola bilər. O, bu yanaşmanı “yeni Avstriya-Macarıstan ideyası” kimi xarakterizə edir.

“Vatikan anlayır ki, liberal Avroatlantikizmin dərinləşməsi katolik siyasi-mədəni kimliyini zəiflədə bilər. Buna görə də Polşa, Şimali İtaliya və Mərkəzi Avropa xətti üzərində yeni ideoloji-siyasi konstruksiya formalaşdırmaq cəhdləri mümkündür”, — deyə Əliyev qeyd edir.

Araşdırmaçının fikrincə, nəticədə Polşa həm Londonun Şərqi Avropa strategiyasında, həm də Vatikanın katolik Avropa baxışında əsas oyunçuya çevrilir. Bu isə gələcəkdə London, Brüssel və Vatikan arasında Polşa uğrunda gizli geosiyasi rəqabətin daha da dərinləşə biləcəyini göstərir.