Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Ankarada Osmanlı hərbi marşı “Ceddin Deden”in sədaları altında qarşılanması Yunanıstan mediasında və sosial şəbəkələrdə müzakirə yaradıb.
MSNews.az xəbər verir ki, hadisə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO liderləri və onların xanımları üçün Prezident Kompleksində təşkil etdiyi rəsmi qəbul və şam yeməyi zamanı baş verib. “Anadolu Agentliyi”nin məlumatına görə, Ərdoğan və xanımı Əminə Ərdoğan sammit iştirakçılarını Prezident Kompleksində qarşılayıb, liderlərin gəlişi zamanı Türkiyə Silahlı Qüvvələrinin hərbi orkestri ənənəvi marşlar ifa edib.
Türkiyənin “Yeni Şafak” nəşri Yunanıstan Baş naziri Mitsotakis və xanımının “Ceddin Deden” marşı ilə qarşılandığını yazıb. Nəşr marşın “Hep kahraman Türk milleti” sözləri ilə tanındığını qeyd edib.
Yunanıstan və Kipr mediası isə bu musiqi seçimini simvolik addım kimi qiymətləndirib. “Politis” yazır ki, “Ceddin Deden” Osmanlı hərbi musiqi ənənəsi olan Mehter marşlarından biridir və Türkiyədə rəsmi-hərbi mərasimlərdə hələ də ifa olunur. Nəşr marşın səsləndirilməsinin tarixi simvolizmə görə müzakirələrə səbəb olduğunu bildirib.
“Liberal” nəşrinin məlumatına görə, Mitsotakis və xanımı Prezident Kompleksinə daxil olarkən Ərdoğan və xanımı tərəfindən qarşılanıb, liderlər qısa söhbətdən sonra birgə foto çəkdiriblər. Nəşr “Ceddin Deden”in Osmanlı hərbi marşı kimi qəbul edildiyini və bu səbəbdən hadisənin Türkiyə-Yunanıstan münasibətləri fonunda diqqət çəkdiyini yazıb.
“Proto Thema” isə Mitsotakisin Ankarada NATO liderlərinin rəsmi şam yeməyində iştirak etdiyini, görüşün sammit proqramı çərçivəsində keçirildiyini bildirib. Mənbənin məlumatına görə, Yunanıstan hökumət dairələri sammitə ölkənin “güclü və etibarlı müttəfiq” mövqeyindən qatıldığını vurğulayıb.