FIFA-dan yeni qadağa

FIFA 2026-cı il dünya çempionatında qapıçı zədəsi zamanı futbolçuların texniki zonaya gedərək məşqçidən taktiki göstəriş almasının qarşısını alacaq. Yeni yanaşma oyun tempinin süni şəkildə pozulmasını azaltmağa hesablanıb.

29

FIFA 2026-cı il dünya çempionatında qapıçı zədəsi zamanı yaranan fasilələrin taktiki toplantıya çevrilməsinin qarşısını alacaq.

MSNews.az xəbər verir ki, “BBC”nin məlumatına görə, DÇ-2026 matçlarında qapıçıya tibbi yardım göstərilən zaman digər futbolçuların texniki zonaya yaxınlaşaraq məşqçi və ehtiyat oyunçular skamyası ilə taktiki müzakirə aparmasına icazə verilməyəcək.

FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina bildirib ki, qapıçı zədə aldıqda tibbi yardım almaq hüququna malikdir, lakin bu, komanda yoldaşlarına meydanı tərk edib məşqçidən göstəriş almaq hüququ vermir. Onun sözlərinə görə, bütün 48 yığmanın məşqçiləri ilə keçirilən seminarda bu məsələ əvvəlcədən izah olunub və hakimlərin belə hallarda aktiv davranacağı bildirilib.

Yeni tətbiq əsasən son illərdə futbolda artan tendensiyaya cavab kimi qiymətləndirilir. Bir sıra matçlarda qapıçının zədə səbəbindən oyunu dayandırması zamanı komanda yoldaşlarının texniki zonaya toplaşaraq məşqçidən taktiki göstəriş aldığı müşahidə olunurdu. FIFA bu praktikanı oyunun ritmini pozan və faktiki olaraq qeyri-rəsmi “taktiki taym-aut”a çevrilən hal kimi görür.

TalkSPORT” yazır ki, yeni qaydalara əsasən, qapıçıya tibbi yardım göstərilən zaman futbolçular ya meydandakı mövqelərində qalmalı, ya da mərkəz dairəsinə yaxın ərazidə dayanmalıdırlar. Onların məşqçi heyəti ilə danışmaq üçün texniki zonaya getməsinə icazə verilməyəcək.

Bununla belə, bu dəyişiklik qapıçıların həqiqi zədə zamanı tibbi yardım almasını məhdudlaşdırmır. Məqsəd qapıçı zədəsi ilə bağlı fasilənin rəqib komandanın tempini qırmaq və məşqçi göstərişi almaq üçün istifadə olunmasının qarşısını almaqdır.

Reuters”in məlumatına görə, 2026-cı il dünya çempionatında oyun tempinin qorunması üçün başqa dəyişikliklər də tətbiq olunacaq. Bunlara əvəzetmə zamanı futbolçunun meydanı 10 saniyə ərzində tərk etməsi, zədəli oyunçuların meydandan kənarda ən azı bir dəqiqə müalicə olunması, aut və qapı zərbələri zamanı vaxt itkisinə qarşı beş saniyəlik geri sayımın tətbiqi daxildir.

“The IFAB”ın FIFA saytında yayılan açıqlamasında da dəyişikliklərin əsas məqsədinin oyun tempini qorumaq, vaxt itkisinin qarşısını almaq və futbolçuların davranış intizamını gücləndirmək olduğu bildirilir.

DÇ-2026-da VAR protokolu da genişləndiriləcək. “Reuters”in məlumatına görə, VAR artıq standart epizodlarla yanaşı, top oyuna daxil olmamışdan əvvəl hücum edən komandanın qayda pozuntularını və bəzi kart qərarlarını da yoxlaya biləcək.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə 48 milli komanda iştirak edəcək və FIFA yeni qaydaları daha böyük formatda oyunun tempini, ədalət prinsipini və hakim nəzarətini gücləndirmək üçün tətbiq edəcək.