İtaliyanın “Milan” klubu “Analar Günü” münasibətilə diqqətçəkən təşəbbüsə imza atıb. Komandanın futbolçuları “A Seriyası”nda “Atalanta”ya qarşı keçirilən oyunda formalarının arxasında öz soyadları əvəzinə analarının qızlıq soyadları ilə meydana çıxıblar. Klubun rəsmi açıqlamasına görə, bu ənənə “Milan” tərəfindən artıq üçüncü ildir davam etdirilir və ilk dəfə 2024-cü ildə İtaliya futbolunda həyata keçirilib.
Təşəbbüs 10 mayda San-Siro stadionunda keçirilən “Milan” – “Atalanta” matçını əhatə edib. Eyni addım klubun qadınlardan ibarət əsas komandası tərəfindən də “Milan” – “Parma” oyununda tətbiq olunub. “Milan” bildirib ki, bu simvolik jest rəsmi heyət elanları zamanı da xüsusi şəkildə təqdim edilib.
Bu səbəbdən Rafa Leau formanın arxasında “Konseysao”, Kristofer Nkunku “Yujer”, meksikalı hücumçu Santyaqo Ximenes isə “Zolotarçuk” soyadı ilə çıxış edib. Ümumilikdə siyahıda Kristian Pulişiçin “Harlou”, Fikayo Tomorinin “Sodipo”, Yussuf Fofananın isə “Ceneba” soyadı ilə göstərildiyi qeyd olunub.
Klub təşəbbüsün yalnız əsas komanda ilə məhdudlaşmadığını da bildirib. “Milan Futuro” və kişi “Primavera” komandalarının oyunçuları rəqəmsal layihələrə cəlb olunub, U-8 komandası isə oyun öncəsi meydana anaları ilə birlikdə çıxıb. Bundan başqa, “Milan” – “Atalanta” oyunu zamanı San-Siro ətrafında xeyriyyə məqsədli aksiya da təşkil edilib.