FƏTH-in yeni Mərkəzi Komitəsi seçildi

FƏTH hərəkatı VIII qurultayında yeni Mərkəzi Komitəni seçib. Mərvan Bərğuti ən çox səs toplayıb, Mahmud Abbasın oğlu Yasir Abbas isə ali rəhbər orqana daxil olub.

Fələstinin FƏTH hərəkatı VIII ümumi qurultayını keçirərək ali rəhbər orqanı sayılan Mərkəzi Komitə və İnqilabi Şuranın yeni tərkibini müəyyənləşdirib. Fələstinin rəsmi WAFA agentliyinin məlumatına görə, Ramallahda keçirilən qurultayda Mərkəzi Komitədə 18 yer uğrunda 59 namizəd, İnqilabi Şurada isə 80 yer uğrunda 450 namizəd mübarizə aparıb. Qurultayda ümumilikdə 2 595 nümayəndə iştirak edib. 

WAFA-nın açıqladığı nəticələrə əsasən, İsrail həbsxanasında saxlanılan Mərvan Bərğuti 1893 səslə Mərkəzi Komitə seçkilərində ən yüksək nəticə göstərib. Ondan sonra kəşfiyyat rəhbəri Macid Fərəc 1884 səslə ikinci, Cibril Rəcub isə 1631 səslə üçüncü olub. Mahmud Abbasın müavini və mümkün varisi kimi təqdim edilən Hüseyn əş-Şeyx 1586 səslə dördüncü nəticəni göstərib.

Komitəyə daxil olan ən diqqətçəkən adlardan biri Fələstin Prezidenti Mahmud Abbasın oğlu Yasir Abbas olub. Rəsmi nəticələrə görə, Yasir Abbas 1301 səs toplayaraq Mərkəzi Komitəyə seçilib. Onun FƏTH-in ən yüksək qərarverici orqanına daxil olması Abbasdan sonrakı dövr və Fələstin Administrasiyasında mümkün varislik planları ilə bağlı müzakirələri yenidən gücləndirib.

Qurultayda iştirak və təmsilçilik nisbəti də müzakirə doğurub. WAFA-nın məlumatına görə, səsvermə dörd platforma üzrə — Ramallah, Qəzza, Livan və Qahirədə keçirilib. Ramallahda 1734 seçicidən 1637-si, Qəzzada 386 seçicidən 382-si, Livanda 164 seçicidən 162-si, Qahirədə isə 365 seçicidən 325-i səs verib. Ümumi seçici fəallığı 94,64 faiz təşkil edib.

Bu bölgü Qəzzanın FƏTH rəhbərliyində təmsilçiliyi ilə bağlı narazılıqları artırıb. “Al Jazeera” yazır ki, yeni Mərkəzi Komitədə Qəzzanın əvvəlki nümayəndələrinin böyük hissəsi dəyişdirilib və yalnız Əhməd Hilles əvvəlki tərkibdən yerini qoruyub. Səs nəticələrinə görə, Qəzzanı təmsil edən əsas fiqurlardan Teysir əl-Bərdini 1225 səslə ilk onluğa daxil olub.

FƏTH qurultayı Mahmud Abbasın hərəkat üzərində nəzarətini qoruduğu bir mərhələ kimi qiymətləndirilir. 90 yaşlı Abbas qurultayda yenidən hərəkatın rəhbəri seçilib və Mərkəzi Komitənin sədri olaraq qalacaq. Eyni zamanda, onun oğlu Yasir Abbasın rəhbər orqana daxil olması, Hüseyn əş-Şeyxin isə yüksək nəticə göstərməsi FƏTH daxilində “Abbasdan sonrakı dövr” müzakirələrini daha da aktuallaşdırıb.