Estoniya rusiyalı idmançıların beynəlxalq yarışlara qaytarılması fonunda Olimpiya Oyunlarında iştirakdan imtina etmək imkanını nəzərdən keçirə bilər. Ölkənin xarici işlər naziri Marqus Tsaxkna Rusiyanın beynəlxalq idmana qayıdışı istiqamətində atılan addımlardan ciddi narahatlıq keçirdiklərini bildirib.
MSNews.az xəbər verir ki, Tsaxkna bu barədə Estoniyanın “Postimees” nəşrinə müsahibəsində danışıb.
Estoniya XİN rəhbəri bildirib ki, Avropada Rusiya ilə münasibətlərin əvvəlki vəziyyətə qaytarılmasına çalışan qüvvələr mövcuddur. Onun sözlərinə görə, bu tendensiya mədəniyyət və idman sahələrində də özünü göstərir.
“Rusiyalıları yenidən mədəniyyətə, idmana və Olimpiya Oyunlarına qaytarmaq üçün müxtəlif bəhanələr axtarılır”, – deyə Tsaxkna vurğulayıb.
Nazir hesab edir ki, Ukraynada müharibə davam etdiyi bir vaxtda Rusiya təmsilçilərinin beynəlxalq yarışlara qaytarılması Moskvanın təcrid olunması siyasətini zəiflədə bilər.
“Tezliklə biz özümüzün Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyimiz məsələsini qaldıracağıq”, – deyə Estoniyanın xarici işlər naziri xəbərdarlıq edib.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2026-cı ilin iyulunda rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakına dair əvvəlki məhdudlaşdırıcı tövsiyələrini geri götürüb.
Qərara əsasən, ayrı-ayrı idman növləri üzrə beynəlxalq federasiyalar Rusiya idmançılarının yarışlara buraxılması şərtlərini özləri müəyyən edə bilərlər.
Tsaxkna həmin vaxt da qərarı tənqid etmiş, bunun Rusiyanın beynəlxalq təcridinin zəifləməsinə səbəb ola biləcəyini bildirmişdi.
Bununla yanaşı, Rusiya tərəfi idmana tətbiq olunan siyasi məhdudiyyətləri tənqid edir və idmançıların beynəlxalq yarışlarda iştirakının siyasi qarşıdurmalardan asılı olmamalı olduğunu bildirir.
Estoniyanın Olimpiya Oyunlarını boykot etməsi barədə hələlik rəsmi qərar qəbul edilməyib. Tsaxknanın açıqlaması ölkənin mümkün addımı müzakirəyə çıxarmağa hazır olduğunu göstərir.