Ermənistan Rusiyanın hibrid müharibəsi ilə üz-üzə: 2026-cı il seçkiləri öncəsi təhlükəli ssenari

Rusiya 2026 seçkiləri ərəfəsində Ermənistanı hibrid müharibə ilə zəiflətməyə çalışır. Dezinformasiya, kilsə, oliqarxlar və gizli çevriliş planları ifşa olunub.

20

2022-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhü seçərək Alma-Ata Bəyannaməsi çərçivəsində qarşılıqlı ərazi bütövlüyünü tanıdıqda, bunun Moskvanın gizli və çoxşaxəli hibrid əməliyyatlarına yol açacağını yəqin ki, gözləmirdi. Ardınca başlayan proses klassik hərbi qarşıdurma deyil, informasiya müharibəsi, siyasi təxribat, dini strukturların istismarı və iqtisadi şəbəkələr vasitəsilə həyata keçirilən genişmiqyaslı destabilizasiya kampaniyası oldu. Ermənistan bu gün ABŞ və Avropanın artıq yaxşı tanıdığı bir müharibə növünün ön cəbhəsindədir: tank və raketlərin yerini dezinformasiya, gizli şəbəkələr və daxili çevriliş planları alıb.

Bu mövzuda analitik media olan “Alta Maxima”-nın təhlilini təqdim edirik.

Həlledici dönüş nöqtəsi 2020-ci il müharibəsindən sonra gəldi. Ermənistan ya Moskvanın nəzarətində qalaraq dondurulmuş münaqişə yolunu davam etdirməli, ya da regionda normallaşma və Qərbə yaxınlaşma xəttini seçməli idi. Paşinyan ikinci yolu seçdi. 2022-ci ildə Praqa sammitindən sonra Ermənistan–Qərb əməkdaşlığı dərinləşdikcə, Rusiyanın cavabı da sistemli şəkildə formalaşdı: 2026-cı il parlament seçkilərindən əvvəl İrəvanda daha itaətkar hökumət qurmaq məqsədi ilə koordinasiyalı hibrid əməliyyat başladıldı.

Bu planın təsadüfi olmadığını 2024-cü ilin dekabrında Rusiyanın “RBC” nəşrinin araşdırması açıq şəkildə ortaya qoydu. Məlum oldu ki, prezident fərmanı ilə Kalininqradda qeydiyyata alınan “Prezident Qrant Fondu”nun beynəlxalq layihələr üzrə xüsusi strukturu yaradılıb və bu qurumun əsas prioriteti 2026-cı il üçün məhz, Ermənistan seçilib. Fondun vəzifəsi xarici ölkələrdə sosial inkişaf, mədəniyyət, təhsil və “tarixi yaddaşın qorunması” adı altında Rusiyanın yumşaq güc strategiyasını həyata keçirməkdir. Mənbələrə görə, Ermənistan Kremlin 2026-cı il üçün əsas hədəfi elan edilib.

Ənənəvi siyasi təsir alətləri – keçmiş prezident Robert Köçəryanla əlaqəli qüvvələr – istənilən nəticəni vermədikdən sonra Kremlin arsenalına daha təhlükəli vasitələr daxil edildi: təbliğat şəbəkələri, iqtisadi təzyiq, rusiyalı erməni oliqarxlar və ən həssası, Erməni Apostol Kilsəsinin bir hissəsi.

“Müqəddəs Mübarizə” adlanan və Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın adı ilə bağlanan hərəkatın əslində zorakı hakimiyyət ələ keçirmə planı olduğu istintaq materialları ilə üzə çıxdı. Axtarışlar zamanı silah-sursat, hücum planları, diversiya vasitələri, rabitə texnikası, dronlar və hətta çevrilişdən sonra təyin ediləcək şəxslərin siyahıları aşkarlandı.

Planlar son dərəcə detallı idi: yolların iflic edilməsi, süni qəzalar, tunellərin tüstü ilə doldurulması, elektrik və internetin kəsilməsi, dövlət saytlarına kiberhücumlar, hədəfli atəşlər və kütləvi həbslər. Səs yazılarında Qalstanyanın seçkiləri rədd edərək “200–250 nəfərlik zərbə qrupları” yaratmaq niyyətini açıq şəkildə ifadə etdiyi ortaya çıxdı. Biznes dairələrinin rolu da diqqət çəkdi. Rusiyalı erməni oliqarx Samvel Karapetyan açıq şəkildə hakimiyyətin zorla dəyişdirilməsini dəstəklədi və Paşinyan hökumətinin Ermənistanda gələcəyinin olmamalı olduğunu bəyan etdi.

Ən narahatedici məqam isə kilsənin istismarı oldu. Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapahyan açıq şəkildə hərbi çevriliş çağırışları etdi. Prokurorluğun məlumatına görə, o, terror planlaşdırılmasında iştirak edib və 2022-ci ildən bəri apardığı şəxsi gündəlikdə bu planları sənədləşdirib. Eyni zamanda onlarla keşiş katolikos II Qareginin siyasi səfərbərlikdə iştirak etdiyini, etirazlara qoşulmayan ruhanilərin təzyiqə məruz qaldığını açıqladı.

Bütün bunlar Rusiya informasiya maşını ilə paralel aparıldı. Rusiyaya bağlı media, diaspor şəbəkələri və təbliğat resursları beş əsas məqsəd ətrafında koordinasiya olundu: Ermənistanda rejim dəyişikliyi, Azərbaycanla normallaşmanın qarşısının alınması, Türkiyə ilə yaxınlaşmanın bloklanması, Qərblə əməkdaşlığın zəiflədilməsi və regional nəqliyyat layihələrinin əngəllənməsi.

Ermənistan hökuməti cavab olaraq gizli repressiyalar deyil, açıq hüquqi prosedur yolunu seçdi. Səs yazıları, sənədlər və sübutlar ictimaiyyətə təqdim edildi, məhkəmə prosesləri konstitusiya çərçivəsində aparıldı. Mesaj aydındır: söz və vicdan azadlığı qorunur, lakin silahlı qiyam və terror planlaşdırılması qəbuledilməzdir.

Bu hadisələr təkcə Ermənistan üçün deyil, bütün demokratiyalar üçün dərsdir. 2026-cı il seçkiləri göstərməlidir ki, üç milyonluq bir ölkə dövlət səviyyəsində maliyyələşdirilən hibrid müharibəyə qarşı dura biləcəkmi. Əgər Ermənistan müstəqil və demokratik yolunu qoruya bilsə, bu, postsovet məkanında Moskvanın təsir orbitindən çıxmağın mümkün olduğunu sübut edəcək. Əks halda mesaj açıqdır: islahatçılar ağır cəza ilə üzləşə bilər.

Ermənistan müharibə istəmədi. Sadəcə sülhü və müstəqil gələcəyi seçdi. Məhz, bu seçim onu bu gün hibrid müharibənin əsas hədəfinə çevirdi.