“Ekumenopolis – 2060” layihəsi: İdeya, məzmun və arxa plan

"Ekumenopolis" anlayışı, qlobal şəhər nəzəriyyəsi, Kanal İstanbul, Bizans iddiaları və 2060 planları. Şəhərsalma, geopolitika və konspirasiya nəzəriyyələrinin kəsişməsi.

93

Ekumenopolis“qlobal şəhər” və ya “fövqəlşəhər” anlayışı XX əsrin 60-cı illərində formalaşıb və Yer kürəsinin, yaxud başqa bir planetin səthində fasiləsiz məskunlaşma şəbəkəsini əhatə edən nəhəng urbanistik strukturu ifadə edir.

Bu termin ilk dəfə 1968-ci ildə yunan memar və şəhərsalma mütəxəssisi Konstantinos Apostolou Doksiadis tərəfindən “Ekumenopolis: 2100-cü il” adlı əsərində işlədilib. Qeyd edək ki, Doksiadis eyni zamanda Pakistanın paytaxtı İslamabad şəhərinin baş planının müəllifidir.

Doksiadisin konsepsiyasına görə, Yer səthinin təxminən 34 milyon kvadrat kilometri təbii mühit kimi qorunmalı, ərazinin 45 faizi mexanikləşdirilmiş aqrar zonalara ayrılmalı, planet miqyasında vahid dünya şəhəri üçün isə cəmi 5 faiz, yəni təxminən 3 milyon kvadrat kilometrlik sahə nəzərdə tutulmalı idi. Bu yanaşma mahiyyət etibarilə qlobal şəhər ideyasını təklif edir və müasir qloballaşma düşüncəsi ilə tam uzlaşır.

Məhz Doksiadis London, Paris, Reyn–Rur və Amsterdam şəhərləri arasındakı bölgəni Avropa “Eperopolisi” kimi təsəvvür edən ilk mütəxəssislərdən olub. 2008-ci ildə isə bu ideya daha da genişlənərək “Nylongkong” — Nyu-York, London və Honq Konqu birləşdirən qlobal urbanistik ox konsepsiyası şəklində gündəmə gəlib.

Bəs “Ekumenopolis 2060” ideyası nəyi nəzərdə tutur? Qısaca desək, bu konsepsiya nəzəriyyədən çıxış edərək “gələcəyin şəhəri”nin yaradılmasını hədəfləyir. Layihə Konstantinos və Emma Doksiadis Vəqfi tərəfindən “Gələcəyin şəhəri” adı altında hazırlanıb. Lakin əsas sual bu layihənin konkret hansı coğrafiyanı əhatə etməsi və ideyanın arxasında hansı strateji məqsədlərin dayanmasıdır. Məhz bu nöqtədə mövzu tədricən konspirasiya nəzəriyyələri müstəvisinə keçir.

Türkiyə ictimaiyyətində bu müzakirələr ilk növbədə “Kanal İstanbul” layihəsi ilə əlaqələndirilir. Bəzi iddialara görə, XIV əsrdə templiyerlər Fransadan on gəmi qızıl qaçıraraq bu ərazidə gizlədiblər və guya kanalın çəkilməsində əsas məqsədlərdən biri həmin xəzinənin tapılmasıdır.

Daha səs-küylü versiyalardan biri isə Yunanıstan mediasında yayılan və Türkiyədə geniş rezonans doğuran xəritə ilə bağlıdır. Sözügedən xəritədə Frakiya bölgəsi tam şəkildə Yunanıstan ərazisi kimi göstərilir, Türkiyənin sərhədləri isə İstanbul boğazınadək daraldılır. Kanal İstanbul ilə Bosfor boğazı arasında qalan ərazi — yəni İstanbul şəhəri — ada formasında ayrıca bir şəhər-dövlət kimi təqdim olunur. Xəritədə bu ərazi “Ekumenopolis” adı ilə qeyd edilir və üzərində xaç işarəsi yerləşdirilir. Daha diqqətçəkən məqam isə bu şəhər-dövlətin Rum Patriarxlığının idarəçiliyində göstərilməsidir. Struktur baxımından bu model Yunanıstandakı yarı-muxtar Aynaroz bölgəsinə bənzədilir, fərq isə ondadır ki, Aynaroz yarımada, Ekumenopolis isə ada kimi təsvir olunur. Xəritədə etnik tərkib və məskunlaşma detalları göstərilməsə də, hədəf tarix açıq şəkildə qeyd olunur — 2060-cı il.

Ümumilikdə Kanal İstanbul layihəsinin ABŞ tərəfindən dəstəklənən və ya təşviq edilən geosiyasi plan olduğu barədə iddialar da mövcuddur. Türkiyənin tanınmış araşdırmaçılarından və konspirologiya sahəsində məşhur simalarından olan mərhum Aytunç Altındal bir müsahibəsində ABŞ-ın israrla Montrö Konvensiyasının ləğvinə çalışdığını və əsas məqsədin Qara dənizdə hərbi mövcudluq yaratmaq olduğunu bildirmişdi.

Son illərdə türk mediasında dolaşan başqa bir iddia isə Bizansın son xanədanlığı hesab edilən Paleoloqlar sülaləsinin Vatikan və daha 17 dövlət tərəfindən tanınması ilə bağlıdır. Bu iddialara görə, Bizans taxtının varisi elan edilən şəxs Milan doğumlu Enriko Viqodur və onun peşəsi bərbərlik olub.

Araşdırmalar göstərir ki, Enriko Viqo dəfələrlə oğurluq, fırıldaqçılıq və böhtan ittihamları ilə gündəmə gəlib. O, müxtəlif dövrlərdə öz şəcərəsini Roma imperatoru Neronla, Serbiya, Siciliya və Qüds kralları ilə əlaqələndirməyə çalışıb. Nəticədə özünü Paleoloqlar sülaləsinin nümayəndəsi elan edərək ciddi maddi gəlir əldə edib.

1990-cı illərdə “Bizansı Yaşatma və Gözəlləşdirmə Dərnəyi” vasitəsilə Las-Veqasdakı “Caesars Palace” və Floridadakı “Palm Beach”də təşkil etdiyi “xeyriyyə tədbirləri” ilə böyük məbləğdə vəsait toplayıb. Məlumatlara görə, yalnız Las-Veqasda titul və gerb satışından 42 min dollar qazanıb. Tokio və Tayvanda keçirilən tədbirlər isə qalmaqallarla nəticələnib. Sonradan üzə çıxan faktlar Enriko Viqonun fəaliyyətinin sistemli fırıldaqçılıq üzərində qurulduğunu göstərib.

Yunanıstanda yaradılmış “Tabula” və “Byzantium 1200” adlı platformalarda isə Konstantinopolun 3D rekonstruksiyası hazırlanıb və şəhər qədim adları ilə təqdim edilib. Layihələrin məqsədi tarixi Konstantinopolu mədəni və ideoloji baxımdan yenidən gündəmə gətirməkdir.

Bütün bu faktlar bir araya gətirildikdə belə bir qənaət formalaşır ki, Qərb-xristian dünyası Konstantinopolun itirilməsi ilə heç vaxt tam barışmayıb və bu məsələ müxtəlif ideoloji, mədəni və siyasi layihələr vasitəsilə gündəmdə saxlanılır. Bu proseslərin gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək, lakin bir çox analitiklərə görə, lazımi önləyici addımlar atılmasa, 2050–2060-cı illər aralığında Türkiyə üçün ciddi geosiyasi risklər yarana bilər.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.