Qırğızıstanda prezident Sadır Japarovla keçmiş Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev arasında illərlə davam edən siyasi tandem faktiki olaraq dağılıb və proses cinayət işi mərhələsinə keçib.
MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Qırğızıstan hakimiyyəti Kamçıbek Taşiyev və daha yeddi nəfərə prezident Sadır Japarovu devirmək və hakimiyyəti ələ keçirməyə cəhd ittihamı irəli sürüb. Taşiyevin vəkili Ikramidin Aytkulov işin qapalı keçiriləcəyini və məhkəmə prosesi ilə bağlı ictimai məlumatlandırmanın məhdudlaşdırılacağını bildirib.
Taşiyev fevralın 10-da prezident sərəncamı ilə Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri və Nazirlər Kabineti sədrinin müavini vəzifələrindən azad edilmişdi. “Reuters” yazır ki, o, 2020-ci ildən bəri ölkənin ən nüfuzlu təhlükəsizlik fiqurlarından biri sayılırdı və Japarovla birlikdə həmin il etiraz dalğası fonunda hakimiyyətə gəlmişdi.
Prezident Administrasiyası həmin qərarı cəmiyyətdə və dövlət qurumları arasında bölünmənin qarşısının alınması zərurəti ilə izah etmişdi. “Reuters”in məlumatına görə, Taşiyevin vəzifədən uzaqlaşdırılmasından sonra onun bir neçə tərəfdarı saxlanılıb, parlament sədri Nurlanbek Turqunbek uulu isə istefa verib.
“RFE/RL” yazır ki, Taşiyevin işi yalnız hüquqi proses kimi deyil, həm də Qırğızıstan hakimiyyət sistemində ciddi siyasi dönüş nöqtəsi kimi qiymətləndirilir. Nəşrə danışan ekspertlər hesab edirlər ki, keçmiş təhlükəsizlik rəhbərinə qarşı çevriliş ittihamı Japarovun hakimiyyət daxilində qalan əsas rəqibini siyasi prosesdən tam çıxarmağa yönəlmiş addım kimi görünür.
Qırğızıstan uzun müddət Mərkəzi Asiyada ən dinamik siyasi sistemlərdən biri hesab olunurdu. Ölkədə 2005, 2010 və 2020-ci illərdə hakimiyyət dəyişikliyi kütləvi etirazlar nəticəsində baş vermişdi. Lakin son illərdə müxalifətə və müstəqil mediaya təzyiqlərin artması fonunda ölkənin siyasi kursu ilə bağlı narahatlıqlar güclənib.
“Carnegie Endowment”in təhlilinə görə, Japarov hakimiyyəti getdikcə daha çox şəxsi mərkəzli idarəetmə modelinə doğru aparır. Təşkilat qeyd edir ki, yeni konstitusion düzən prezidentə növbəti seçkilərdə yenidən namizəd olmaq imkanı yarada bilər və bu, Qırğızıstanın əvvəlki parlament-paritet modelindən uzaqlaşmasını sürətləndirir.
Mərkəzi Asiya üzrə analitiklər hesab edirlər ki, Japarov-Taşiyev tandeminin dağılması region üçün iki mühüm nəticə doğura bilər. Birincisi, Qırğızıstanda hakimiyyətin daha sərt mərkəzləşməsi ehtimalı artır. İkincisi, ölkə daxilində şimal-cənub siyasi balansının zəifləməsi yeni daxili gərginlik risklərini gündəmə gətirir. Taşiyev xüsusilə ölkənin cənub bölgələrində güclü siyasi dayaqlara malik fiqur kimi tanınırdı.
Bu proseslər Azərbaycan üçün də regional kontekst baxımından diqqətəlayiqdir. Rəsmi Bakı Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat, logistika və iqtisadi əməkdaşlığı genişləndirir. Prezident İlham Əliyev Mərkəzi Asiya dövlət başçılarının Dşşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə Orta Dəhlizin Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıdığını bildirib.
Bu baxımdan Qırğızıstanda mümkün siyasi qeyri-sabitlik yalnız daxili hakimiyyət mübarizəsi kimi deyil, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan nəqliyyat və iqtisadi bağlantılar fonunda izlənilən regional risk kimi qiymətləndirilir.
Hazırda Taşiyevə qarşı ittihamlar məhkəmə hökmü ilə sübuta yetirilməyib. İşin qapalı aparılması isə prosesin siyasi və hüquqi şəffaflığı ilə bağlı sualları daha da artırır.