Danimarka Qrenlandiyada məcburi kontrasepsiya qurbanlarına təzminat ödəyəcək

Danimarka parlamenti Qrenlandiyada 1960-1991-ci illərdə razılığı olmadan kontrasepsiyaya məruz qalan qadınlara 300 min kron təzminat ödənilməsini təsdiqləyib. Təxminən 4500 qadının proqramdan yararlana biləcəyi bildirilir.

79

Danimarka parlamenti Qrenlandiyada razılığı olmadan kontrasepsiya vasitələrinin tətbiqinə məruz qalmış qadınlara 300 min Danimarka kronu — təxminən 40 min avro məbləğində fərdi təzminat ödənilməsini nəzərdə tutan qanunu qəbul edib.

MSNews.az xəbər verir ki, Danimarka parlamenti — Folketinq avqustun 27-də qanun layihəsini üçüncü oxunuşda 100 lehinə, 10 əleyhinə səslə təsdiqləyib. Əleyhinə səslərin hamısı Danimarka Xalq Partiyasının deputatları və bir müstəqil parlamentaridən gəlib. Bitərəf qalan olmayıb.

Danimarkanın Səhiyyə və Kilsə İşləri Nazirliyinin məlumatına görə, təzminat proqramı 1960-1991-ci illərdə Qrenlandiyada və ya Danimarkada öz razılığı olmadan spiral, kontraseptiv inyeksiya və ya implant tətbiq edilmiş qadınları əhatə edir. Təxminən 4500 qadının proqram çərçivəsində təzminat almaq hüququ qazana biləcəyi hesablanır.

Məsələ Qrenlandiyada “Spiral işi” kimi tanınır. Danimarkanın rəsmi məlumatına görə, xüsusilə 1960-70-ci illərdə minlərlə qrenlandiyalı qadın və yeniyetmə qıza uşaqlıqdaxili spiral yerləşdirilib. Bəziləri həmin vaxt cəmi 12-13 yaşlarında olub. Bir çox qadın prosedurun onların məlumatı və ya razılığı olmadan həyata keçirildiyini bildirib.

“Reuters” yazır ki, araşdırmalarda bu praktikanın doğum səviyyəsini və ailələrin ölçüsünü azaltmaq məqsədi daşıdığı müəyyən edilib. Zərərçəkən qadınlar illər ərzində fiziki ağrılar, qanaxma və infeksiyalarla yanaşı, reproduktiv sağlamlıq problemləri və ciddi psixoloji travmalar yaşadıqlarını bildiriblər.

Hadisənin miqyası 2022-ci ildə Danimarka mediasının araşdırmalarından sonra geniş ictimaiyyətin diqqətinə gəlib. Həmin ilin sentyabrında Danimarka hökuməti və Qrenlandiya hökuməti məsələ ilə bağlı müstəqil tarixi araşdırma aparılması barədə razılığa gəlib. Araşdırma 1960-cı ildən Qrenlandiyanın səhiyyə sahəsində səlahiyyətləri öz üzərinə götürdüyü 1991-ci ilin sonunadək olan dövrü əhatə edib və nəticələri 2025-ci ilin sentyabrında açıqlanıb.

Bundan ayrıca, Qrenlandiya hökuməti 2024-cü ildə hadisələrin insan hüquqları və mümkün soyqırımı aspektini araşdırmaq üçün dörd nəfərlik beynəlxalq ekspert qrupu yaradıb. Ekspertlər arasında sonradan metodologiya və hüquqi yanaşma ilə bağlı fikir ayrılığı yaranıb, iki üzv qrupdan ayrılıb və nəticədə iki ayrı hesabat hazırlanıb.

“Associated Press” bildirir ki, hesabatlardan biri baş verənlərin soyqırımı olub-olmadığına dair yekun nəticə çıxarmaq üçün daha geniş araşdırmaya ehtiyac olduğunu qeyd edir. Digər hesabat isə soyqırımı üçün tələb olunan xüsusi məhvetmə niyyətinin sübut edilmədiyi qənaətinə gəlib. Buna görə hadisələrin hüquqi baxımdan soyqırımı kimi tanındığını demək doğru deyil.

Danimarkanın Baş naziri Mette Frederiksen 2025-ci ilin avqustunda dövlət adından qrenlandiyalı qadınlardan rəsmi şəkildə üzr istəyib. O, qadınların Danimarkanın Qrenlandiyanın səhiyyə sisteminə cavabdeh olduğu dövrdə “sistemli ayrı-seçkiliyə” məruz qaldığını etiraf edib. Sentyabrın 24-də Nuukda keçirilən mərasimdə üzrxahlıq rəsmən təqdim olunub.

Yeni qanun 1 sentyabr 2026-cı ildə qüvvəyə minəcək. Zərərçəkən qadınlar iyulun 1-dən etibarən müraciət edə bilirlər, lakin müraciətlər yalnız qanun qüvvəyə mindikdən sonra rəsmən qərara bağlanacaq. Danimarkanın Pasiyentlərin Kompensasiyası Agentliyi ilk qərarların sentyabrdan dərhal sonra verilməsini, ilk ödənişlərin isə 2026-cı ilin payızında həyata keçirilməsini gözləyir. Müraciətlər 1 sentyabr 2028-ci ilədək qəbul olunacaq.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.