Meksika Prezidenti Klaudiya Şeynbaum ölkəsinin ABŞ-ın Venesuelaya qarşı hərbi müdaxiləsini qəti şəkildə rədd etdiyini bir daha bəyan edib. O bildirib ki, digər dövlətlərin daxili işlərinə müdaxilə qəbuledilməzdir və bu cür addımlar tarix boyu nə demokratiya, nə də davamlı rifah yaradıb.
Şeynbaum Hidalgo ştatında keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən vurğulayıb ki, ABŞ hökumətinin birbaşa müdaxiləsi nəticəsində Venesuela Prezidenti Nikolas Maduronun və onun həyat yoldaşının saxlanılması, eləcə də baş verən hadisələr zamanı insan tələfatının olması Meksikanın mövqeyini daha da aydın şəkildə ortaya qoyur. Onun sözlərinə görə, Meksika prinsipial olaraq digər ölkələrin daxili işlərinə müdaxiləni qəbul etmir.
Meksika Prezidenti qeyd edib ki, Latın Amerikasının tarixi bu məsələdə kifayət qədər aydındır. Şeynbaum bildirib ki, xarici müdaxilələr heç vaxt demokratiya gətirməyib, eyni zamanda rifaha və ya uzunmüddətli sabitliyə də yol açmayıb. O vurğulayıb ki, xalqların öz gələcəklərini müəyyənləşdirmək hüququ yalnız onların özlərinə məxsusdur və təbii sərvətlərə sahiblik, eləcə də idarəetmə formasını seçmək xalqın ayrılmaz haqqıdır.
Şeynbaum Meksikanın bu mövqeyinin təkcə milli prinsip olmadığını, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüquqla da qorunduğunu bildirib. O qeyd edib ki, suverenlik və daxili işlərə qarışmamaq beynəlxalq münasibətlərin əsas sütunlarından biridir.
ABŞ Prezidenti Donald Trampın “Meksikanı narkokartellər idarə edir” iddiasına da münasibət bildirən Şeynbaum vurğulayıb ki, Meksikada hakimiyyət xalqın iradəsinə əsaslanır və ölkə tam müstəqil, suveren dövlətdir. Prezident əlavə edib ki, Meksika ABŞ ilə əməkdaşlığa açıqdır, lakin təzyiqə, tabeçiliyə və müdaxiləyə heç vaxt razı olmayacaq.