Çində “Noul” tayfunu: 801 mindən çox insan təxliyə edildi

“Noul” tayfununun Çinin Quandun əyalətinə çatması nəticəsində 801 mindən çox insan təhlükəli ərazilərdən çıxarılıb. Honqkonqda yüzlərlə aviareys ləğv edilib, azı 21 nəfər xəsarət alıb.

12

“Noul” tayfununun Çinin cənubundakı Quandun əyalətinə çatması nəticəsində 801 mindən çox insan təhlükəli ərazilərdən təxliyə edilib.

MSNews.az xəbər verir ki, tayfun iyulun 26-da yerli vaxtla saat 03:50 radələrində Hueyçjou şəhərinin Hueydun rayonundakı Pinhay qəsəbəsi yaxınlığında sahilə çıxıb. Həmin vaxt tayfunun mərkəzinə yaxın ərazilərdə küləyin sürəti saniyədə 45 metrə, yəni saatda 162 kilometrə çatıb.

İlkin məlumatlarda Quandun üzrə təxliyə olunanların sayının 715 351 nəfər olduğu bildirilmişdi. Çinin “Sina Finance” nəşrinin yaydığı rəsmi statistikaya əsasən, Hueyçjoudan 205 164, Şanveydən 192 234, Meyçjoudan isə 94 243 nəfər təhlükəsiz ərazilərə köçürülüb. Əyalətin ümumilikdə 16 şəhərində təxliyə tədbirləri həyata keçirilib.

Daha sonra “Associated Press” “Sinxua” agentliyinə istinadən təxliyə olunanların sayının 801 mini keçdiyini bildirib. Çin hakimiyyəti dağlıq ərazilərdə daşqın və torpaq sürüşməsi riskinin yüksək olması səbəbindən fövqəladə tədbirləri gücləndirib.

Tayfun Honqkonqda da nəqliyyatın fəaliyyətinə ciddi təsir göstərib. Şəhərin hava limanı rəhbərliyinin məlumatına görə, təxminən 350 aviareys ləğv edilib, həftəsonu ərzində 2 minə yaxın sərnişin hava limanında qalıb. Təbii fəlakət zamanı şəhərdə azı 21 nəfər xəsarət alıb.

Reuters” yazır ki, Honqkonqda aviareyslər 12 saatdan çox müddətə əsasən dayandırıldıqdan sonra iyulun 26-sı günortadan etibarən tədricən bərpa olunmağa başlayıb. Şəhərdə səkkizinci dərəcəli tayfun xəbərdarlığı sonradan üçüncü səviyyəyə endirilib.

“Noul” materikin daxilinə doğru hərəkət etdikcə tropik fırtına səviyyəsinədək zəifləyib. Bununla belə, Quandunla yanaşı, Fucyen, Ciansi və Hunan əyalətlərində güclü yağışların davam edəcəyi, bəzi ərazilərdə sel və daşqınların baş verə biləcəyi barədə xəbərdarlıq edilib.

Çin hökuməti tayfunun vurduğu zərərin aradan qaldırılması, yolların, su təsərrüfatı obyektlərinin, məktəb və xəstəxanaların bərpası üçün Quanduna 100 milyon yuan ayırıb.

“Noul” 2026-cı ildə Çində sahilə çıxan ən güclü tayfun, son bir ayda ölkəyə çatan isə üçüncü tayfun olub. Ondan əvvəl “Maysak” və “Bavi” tayfunları Çinin müxtəlif bölgələrində genişmiqyaslı təxliyələrə və nəqliyyatın dayanmasına səbəb olmuşdu.