Son dövrlərdə ABŞ prezidenti Donald Trampın İranla bağlı açıqlamaları ilk baxışdan Tehrana təzyiq kimi görünsə də, proseslərin dərin qatına enildikdə tam fərqli mənzərə ortaya çıxır. Çin üzrə mütəxəssis Pərviz Əliyevin fikrincə, bu bəyanatlar paradoksal şəkildə İran hakimiyyətinə manevr imkanları yaradır və daxili etirazların legitimliyini zəiflədən nəticələr doğurur.
“Trampın ritorikası İran daxilindəki etirazları avtomatik olaraq ABŞ və İsrailin planı kimi çərçivələyir. Bu isə SEPAH və Bəsic üçün ideoloji baxımdan ‘yaşıl işıq’ deməkdir,” – deyə Pərviz Əliyev bildirir.
Ekspertin sözlərinə görə, etirazların xarici güclərlə əlaqələndirilməsi İran təhlükəsizlik aparatına onları “xarici müdaxilə ilə əməkdaşlıq edən qüvvələr” kimi təqdim etməyə imkan verir. Bu isə daxili repressiyaları daha rahat əsaslandırır.
“Əgər ABŞ və ya İsrailin birbaşa hərbi müdaxiləsi real olsaydı, bu, etirazçılara psixoloji üstünlük verər, prosesi uzadardı. Tramp bunu bilir və məhz, buna görə rejimin sürətli süqutunda maraqlı deyil,” – deyə ekspert vurğulayır.
Onun fikrincə, hazırkı etiraz dalğasının əsas zəif nöqtəsi koordinasiya və mərkəzləşdirilmiş liderliyin olmamasıdır. Tətillər mühüm alət olsa da, təkbaşına İslam Respublikasının çökməsinə zəmanət vermir.
Pərviz Əliyev qeyd edir ki, “rejim dəyişikliyi” yalnız daxili sosial narazılıqla deyil, eyni zamanda, kənardan ciddi təşkilati və siyasi dəstək olduqda mümkün ola bilər:
“Bu yükü yalnız ABŞ və ya İsrail üzərinə götürə bilərdi. Amma belə bir ssenarinin uğursuzluğu həm İran cəmiyyəti, həm də xarici aktorlar üçün son dərəcə baha başa gələ bilər.”
Ekspert diqqətə çatdırır ki, İran teokratik modeli müəyyən beynəlxalq dairələr üçün, o cümlədən Vatikan diplomatiyası baxımından da tam ziddiyyətli deyil və bu, Trampçıların Ağ Evdə möhkəmlənməsindən sonra formalaşdırmaq istədiyi dünya nizamı ilə kəsişən məqamlar yaradır.
Analizin əsas hissəsi isə Çinin İrandakı “pərdəarxası” roluna həsr olunur. Pərviz Əliyevin fikrincə, Rusiya-Ukrayna müharibəsi və sanksiyalar Moskvanın hərbi ixrac imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Bu boşluğu isə sürətlə Çin doldurur.
“İyun müharibəsindən sonra İranın hərbi bərpasında Çin əsas təminatçıya çevrilib. Pekin ballistik raketlər, dronlar və hava hücumundan müdafiə sistemləri üçün ikili təyinatlı elektronika axınını davam etdirir,” – deyə ekspert bildirir.
Onun sözlərinə görə, Çin yalnız texniki avadanlıqla kifayətlənmir. Elmi-texnoloji bilik, müşahidə və kəşfiyyat xarakterli dəstək İranın uzunmənzilli zərbə imkanlarını bərpa etməsinə şərait yaradır.
“Bu əməkdaşlıq Tehrana açıq hərbi yerləşdirmələrə getmədən, ‘irəliləyişli çəkindirmə’ strategiyasını qorumağa imkan verir,” – Pərviz Əliyev əlavə edir.
Analitikə görə, Moskva və Pekin arasında rollar aydın bölünüb: Rusiya diplomatik örtük təqdim edir, Çin isə iqtisadi, texnoloji və seçmə hərbi dəstəyi təmin edir. Nəticədə İran regional və qlobal təcriddən qismən çıxarılaraq daha geniş anti-Qərb çərçivəsinə inteqrasiya olunur.
“Tammiqyaslı işğal və rejim dəyişikliyi real olmadığı müddətcə, məhdud təzyiq alətləri Tehranın Yaxın Şərqdəki destabilizasiya potensialını kökündən sındıra bilməz,” – deyə Əliyev vurğulayır.
Pərviz Əliyevin qənaətinə görə, Vaşinqton və müttəfiqləri üçün ən real yol yeni, uzunmüddətli və kalibrlənmiş strategiyadır: dolayı təsir, seçmə müdaxilə və strateji səbrin kombinasiyası.
“Ən çətin məsələ İranın istismar etməyi öyrəndiyi regional nizamı yenidən formalaşdırmaqdır – bunu isə genişmiqyaslı müharibəyə yol vermədən etmək olduqca mürəkkəbdir,” – ekspert yekunlaşdırır.
Analitik təhlil | Pərviz Əliyev, Çin üzrə mütəxəssis