Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya-Ukrayna müharibəsində atəşkəsin bu il deyil, 2027-ci ildə və ya daha gec — 2028-ci ildə əldə oluna biləcəyini ehtimal edib. O, Ukraynanın Qərbə inteqrasiyası ilə bağlı qeyri-müəyyənliyin gələcəkdə Moskvanın təbliğat vasitəsinə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
MSNews.az xəbər verir ki, Conson bu fikirləri 11-12 sentyabrda Kiyevdə keçirilən 22-ci Yalta Avropa Strategiyası — YES toplantısında səsləndirib. YES-in rəsmi məlumatında keçmiş Britaniya baş nazirinin tədbirin əsas iştirakçıları sırasında olduğu təsdiqlənir.
Conson atəşkəsin vaxtı barədə danışarkən “bu il yox, bəlkə gələn il, bəlkə də bir il sonra” ifadəsini işlədib.
“Actualno” yazır ki, Conson əsas təhlükələrdən biri kimi müharibədən sonra Ukraynanın NATO və Avropa strukturlarına inteqrasiyasının reallaşmamasını göstərib. Onun fikrincə, belə vəziyyətdə Rusiya təbliğatı ukraynalılara “siz Qərb klublarına qəbul edilmədiniz” mesajını çatdıra bilər.
“Düşünürəm ki, atəşkəs olacaq. Bu il yox, bəlkə gələn il, bəlkə də bir il sonra. Ola bilsin, təmas xətti boyunca — necə olursa-olsun — böyük iztirablardan sonra. Putin isə Ukrayna xalqına ‘Mən sizə demişdim’ deyə biləcək”, — Conson bildirib.
Keçmiş baş nazir Qərbin Ukraynanın gələcəyi ilə bağlı daha aydın mövqe ortaya qoymalı olduğunu da vurğulayıb. Conson Ukraynanın NATO-ya daxil olmaq istəyini xatırladaraq Qərbin “strateji qeyri-müəyyənliyini” tənqid edib.
Conson, həmçinin Ukraynanın NATO üzvlüyünün reallaşıb-reallaşmayacağına dair şübhələrini ifadə edib. Bununla yanaşı, o, şəxsi mövqeyinin Ukraynanın alyansa qoşulmasını dəstəkləmək olduğunu bildirib.
“Əgər Ukraynaya verdiyimiz vədləri pozacağıqsa, daha yaxşı planımız olmalıdır”, — deyən keçmiş baş nazir Kiyev üçün alternativ və etibarlı təhlükəsizlik təminatlarının hazırlanmasının zəruriliyini vurğulayıb.