Blinkendən İran xəbərdarlığı: “Quru əməliyyatı fəlakət olar”

ABŞ-nin sabiq dövlət katibi Entoni Blinken İrana qarşı hərbi əməliyyatların risklərindən danışıb. O, İranın hərbi potensialının tam məhv edilməsinin çətin olduğunu və quru müdaxiləsinin fəlakətlə nəticələnə biləcəyini bildirib.

120

ABŞ-nin sabiq dövlət katibi Entoni Blinken İrana qarşı genişmiqyaslı quru əməliyyatının fəlakətli nəticələrə səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, ölkənin böyük ərazisi və hərbi infrastrukturu İranın silah potensialının yalnız hava zərbələri ilə tamamilə sıradan çıxarılmasını son dərəcə çətinləşdirir.

MSNews.az xəbər verir ki, Blinken bu barədə “Hindustan Times” nəşrinin təşkil etdiyi “HT Leadership Summit 2026” tədbirində danışıb.

Sabiq dövlət katibi İranın coğrafi ölçülərinə və əhalisinə diqqət çəkərək ölkənin Kaliforniyadan dörd, İraqdan isə təxminən üç dəfə böyük olduğunu və 90 milyon əhaliyə malik olduğunu bildirib.

Blinken vurğulayıb ki, İranın geniş sahil xətti, ölkənin daxilində yerləşən silah istehsalı müəssisələri və uzaqmənzilli silah sistemləri hərbi əməliyyatların effektivliyini məhdudlaşdırır.

Onun fikrincə, İranın bütün hərbi imkanlarını məhv etmək üçün ölkə ərazisinə quru qoşunlarının yeridilməsi tələb oluna bilər.

“Bunun üçün, yəqin ki, müəyyən formada quru müdaxiləsi lazım gələrdi. Bu isə əsl fəlakət olardı”, – deyə Blinken xəbərdarlıq edib.

Sabiq diplomat Hörmüz boğazındakı vəziyyətə də toxunaraq İranın bu strateji su yolunda beynəlxalq gəmiçiliyi çətinləşdirmək imkanlarını nümayiş etdirdiyini bildirib.

Blinken hesab edir ki, İranla qarşıdurmanın yalnız hərbi vasitələrlə həlli real deyil və davamlı razılaşma üçün diplomatik danışıqlara ehtiyac var. Onun sözlərinə görə, mümkün razılaşma Vaşinqtondan da müəyyən güzəştlər tələb edə bilər.