Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəməndə yerləşdirilmiş qalan hərbi qüvvələrini ölkədən könüllü şəkildə geri çəkmək qərarı verdiyini açıqlayıb. Bu addım Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən Prezident Şurasının rəhbərinin BƏƏ qüvvələrinə 24 saat ərzində ölkəni tərk etmək ultimatumundan sonra atılıb.
Gərginlik, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənin cənubundakı Mukalla limanına endirdiyi hava zərbəsindən sonra daha da kəskinləşib. Ər-Riyad həmin limanda BƏƏ ilə əlaqəli olduğu iddia edilən hərbi yüklərin hədəfə alındığını bildirib.
Bu insident indiyədək arasında ən ciddi eskalasiya kimi qiymətləndirilir və regionun iki əsas gücü arasında münasibətlərin dərin böhran yaşadığını göstərir.
Bir zamanlar regional təhlükəsizliyin əsas sütunları hesab olunan Səudiyyə Ərəbistanı və BƏƏ-nin maraqları son illərdə neft kvotalarından tutmuş geosiyasi nüfuza qədər bir çox sahədə toqquşmağa başlayıb.
Səudiyyə Ərəbistanı çərşənbə axşamı öz milli təhlükəsizliyini “qırmızı xətt” adlandıraraq, BƏƏ-ni Yəmənin cənubundakı separatçı qüvvələri – Cənub Keçid Şurasını (CKŞ) – Krallığın sərhədlərinə qədər uzanan hərbi əməliyyatlara təşviq etməkdə ittiham edib. Bu, Ər-Riyadın indiyədək Əbu-Dabiyə qarşı işlətdiyi ən sərt ifadələr hesab olunur.
Yəmən münaqişəsində əvvəlcə İranla əlaqəli husilərə qarşı birgə fəaliyyət göstərən tərəflər zamanla ayrılığa düşüblər. BƏƏ özünüidarə tələb edən cənub separatçılarını, Səudiyyə Ərəbistanı isə beynəlxalq səviyyədə tanınan Yəmən hökumətini dəstəkləməyə davam edib. Bu isə koalisiya daxilində açıq qarşıdurmaya yol açıb.
Səudiyyə rəhbərliyindəki koalisiya Mukallada xarici hərbi dəstəyin göstərildiyi iddia olunan dokun vurulduğunu bildirib. Koalisiyaya görə, həmin yükləri daşıyan iki gəmi BƏƏ-nin Füceyrə limanından yola düşüb.
BƏƏ rəsmi bəyanatında hava zərbəsindən təəccübləndiyini, vurulan yükün silah daşımadığını və yalnız ölkənin Yəməndəki qüvvələri üçün nəzərdə tutulduğunu bildirib. Əbu-Dabi vurğulayıb ki, vəziyyətə yanaşma eskalasiyanın qarşısını alan məsuliyyətli və koordinasiyalı şəkildə olmalıdır.
Bu arada, Yəmən Prezident Şurasının rəhbəri Rəşad əl-Əlimi BƏƏ ilə bağlanmış müdafiə sazişini ləğv edib və Əmirlikləri ölkədə parçalanmanı dərinləşdirməkdə ittiham edib.
Hadisələr fonunda Körfəz ölkələrinin əsas fond bazarlarında enmə müşahidə olunub. Analitiklər bildirir ki, Səudiyyə Ərəbistanı və BƏƏ arasında gərginlik OPEC və OPEC+ çərçivəsində neft hasilatı ilə bağlı razılaşmalara da mənfi təsir göstərə bilər.
Qeyd edək ki, iki ölkə və daha altı OPEC+ üzvü bazar günü onlayn görüş keçirməyi planlaşdırır. Mənbələrə görə, hazırda birinci rübdə neft hasilatının dəyişdirilməməsi mövqeyi qorunur.