Banqladeş Prezidenti Məhəmməd Şahabuddin istefa verib

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin səhhətindəki problemləri əsas gətirərək vəzifəsindən istefa verib. Yeni prezident seçilənədək səlahiyyətləri parlament sədri icra edəcək.

8

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin Çuppu beşillik səlahiyyət müddətinin təxminən yarısında vəzifəsindən istefa verib.

MSNews.az xəbər verir ki, ilkin məlumatlarda 76 yaşlı dövlət başçısının iyulun 25-də istefa verməyi planlaşdırdığı bildirilirdi. Lakin “Reuters”in son məlumatına əsasən, Şahabuddin artıq istefasını rəsmiləşdirib.

Prezident istefasının səbəbi kimi ciddi səhhət problemlərini göstərib. Bildirilib ki, o, bəzən huşunu itirməsinə səbəb olan avtonom neyropatiyadan əziyyət çəkir və bir müddətdir Taylandda müalicə alır.

Şahabuddinin istefa qərarı barədə Baş nazir Tariq Rəhmanı əvvəlcədən məlumatlandırdığı bildirilir. Banqladeş qanunvericiliyinə əsasən, yeni dövlət başçısı seçilənədək prezident səlahiyyətlərini Milli Parlamentin sədri həyata keçirəcək.

Məhəmməd Şahabuddin 2023-cü ilin aprelində prezident vəzifəsinin icrasına başlayıb. O, 2024-cü ildə tələbələrin rəhbərlik etdiyi kütləvi etirazlar nəticəsində hakimiyyətdən uzaqlaşdırılan keçmiş baş nazir Şeyx Hasinanın və “Avami Liqası”nın yaxın siyasi müttəfiqlərindən biri hesab olunurdu.

2024-cü il hadisələrindən sonra Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus müvəqqəti hökumətə rəhbərlik etmişdi. 2026-cı ilin fevralında keçirilən parlament seçkilərindən sonra isə Banqladeş Milliyyətçi Partiyasının lideri Tariq Rəhman baş nazir vəzifəsinə gəlib.

Şahabuddin hələ 2025-ci ilin dekabrında verdiyi müsahibədə müvəqqəti hökumət tərəfindən kənarlaşdırıldığını və alçaldıldığını düşündüyünü bildirərək istefa vermək istədiyini açıqlamışdı.