Azərbaycan millisi yarımfinalda

Azərbaycan minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatının 1/4 finalında Çexiyanı 5:2 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Millimizin növbəti rəqibi Serbiya olacaq.

101

Azərbaycan minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

MSNews.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda 1/4 final mərhələsində Çexiya yığması ilə qarşılaşıb. Bratislavadakı “Tipos Arena”da keçirilən görüş Azərbaycan millisinin 5:2 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində Eşqin Tağıyev dubl edib. Digər qolları isə Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurublar.

Bu nəticə ilə Azərbaycan yığması turnirin ən güclü dörd komandası sırasına düşüb. Millimiz yarımfinalda Serbiya ilə qarşılaşacaq.

1/4 final mərhələsinin digər oyunlarında Macarıstan Bolqarıstanı 4:0, Ukrayna Gürcüstanı 4:0, Serbiya isə Rumıniyanı 6:4 hesabı ilə məğlub edib. Beləliklə, yarımfinalda Macarıstan Ukrayna ilə, Azərbaycan isə Serbiya ilə üz-üzə gələcək.

Azərbaycan millisi turnirə qrup mərhələsindən uğurlu başlayıb. Komandamız “F” qrupunda Avstriyaya 1:0, İtaliyaya 3:0, Fransaya isə 3:2 hesabı ilə qalib gələrək pley-offa maksimum nəticə ilə yüksəlmişdi. 1/8 finalda isə millimiz Qazaxıstanı 3:2 hesabı ilə məğlub edib.

Baş məşqçi Elşad Quliyev Çexiya ilə oyundan sonra komandasının çıxışından razı qaldığını bildirib. Mütəxəssis rəqibi yaxşı təhlil etdiklərini, futbolçuların nizam-intizama əməl etdiyini və istənilən oyunu sərgiləyərək qalib gəldiklərini deyib.

Avropa çempionatında yarımfinal oyunları iyunun 3-də, final görüşü isə iyunun 4-də keçiriləcək. Azərbaycan millisi Serbiyanı məğlub edəcəyi halda həlledici oyuna vəsiqə qazanacaq.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Xəbər lenti