FIFA milli komandaların 2026-cı ilin aprel ayı üçün yenilənmiş reytinqini açıqlayıb.
Yenilənmiş siyahıya əsasən, Azərbaycan milli komandası üç pillə irəliləyərək 124-cü yerə yüksəlib. Komandanın aktivində hazırda 1136,67 xal var.
Son dövrdə millimiz “FIFA Series” çərçivəsində iki oyun keçirib. Azərbaycan yığması Sent Lüsiya yığması üzərində 6:1 hesablı qələbə qazanıb, Sierra Leone ilə isə 1:1 hesablı heç-heçədən sonra penaltilərdə 9:8 üstün olub.
Reytinqdə Azərbaycanın ən yaxın izləyicisi Surinam (1132,43 xal) olub. Komandamızdan bir pillə yuxarıda isə Farer Adaları (1137,14 xal) qərarlaşıb.
UEFA Millətlər Liqasının “D” divizionunda Azərbaycanın rəqiblərindən Litva 148-ci, Lixtenşteyn isə 206-cı pillədə yer alıb.
Reytinqin ilk onluğunda isə aşağıdakı komandalar qərarlaşıb:
Fransa (1877,32)
İspaniya (1876,40)
Argentina (1874,81)
İngiltərə (1825,97)
Portuqaliya (1763,83)
Braziliya (1761,16)
Niderland (1757,87)
Mərakeş (1755,87)
Belçika (1734,71)
Almaniya (1730,37)