Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib

Avropa İttifaqı Rusiyanın bank, enerji, kriptovalyuta və hərbi-sənaye sektorlarını hədəfə alan 21-ci sanksiyalar paketini qəbul edib. Rusiya nefti üçün qiymət tavanı 12 aylıq 44,10 dollar səviyyəsində dondurulub.

13

Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar 21-ci sanksiyalar paketini qəbul edib. Yeni məhdudiyyətlər əsasən Rusiyanın maliyyə sistemi, enerji gəlirləri, kriptovalyuta şəbəkələri, neft ticarəti və hərbi-sənaye kompleksini hədəfə alır.

MSNews.az xəbər verir ki, “Reuters” paketə 170 təşkilat və 48 fiziki şəxs olmaqla ümumilikdə 218 yeni sanksiya hədəfinin daxil edildiyini yazıb. Bu, Aİ-nin son dörd ildə qəbul etdiyi ən geniş sanksiya siyahısıdır.

Məhdudiyyətlər çərçivəsində 94 Rusiya maliyyə təşkilatının, əsasən bankların aktivləri dondurulacaq. Moskva Birjası da sanksiya siyahısına əlavə edilib. Bundan başqa, 33 Rusiya bankına qarşı əməliyyat qadağası tətbiq olunacaq və onların SWIFT beynəlxalq ödəniş sistemindən ayrılması nəzərdə tutulur.

Paket Rusiya ilə əlaqəli kriptovalyuta platformalarını da əhatə edir. Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Panama, Belarus və Marşall adalarında fəaliyyət göstərən 14 kripto platformaya qarşı əməliyyat məhdudiyyətləri tətbiq olunacaq. Aİ həmçinin sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkələrin kripto operatorlarına qarşı daha geniş qadağalar tətbiq etmək üçün yeni hüquqi mexanizm yaradıb.

Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq məqsədilə bir barrel üçün qiymət tavanı 12 ay müddətinə 44,10 dollar səviyyəsində dondurulub. Mövcud qaydalar dəyişdirilməsəydi, İranla müharibə fonunda dünya bazarında neftin bahalaşması qiymət tavanını avtomatik olaraq təxminən 58,50 dollara qaldıra bilərdi.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bildirib ki, qiymət tavanının dondurulması Rusiyanın qlobal bazardakı qiymət şoklarından əlavə müharibə gəliri əldə etməsinin qarşısını almağa yönəlib.

Yeni paketdə Rusiyanın “kölgə donanması”na aid 41 gəmi də sanksiya siyahısına daxil edilib. Bununla belə, məhdudiyyət tətbiq olunan belə gəmilərin ümumi sayı 670-i ötüb. Aİ ölkələrinə saxlanılan “kölgə donanması” gəmilərinin yüklərini müsadirə edib satmağa imkan verən yeni qayda da qəbul olunub.

Sanksiyalar beş neft treyderinə, iki Rusiya limanına, dörd hava limanına, Rusiya və Belarusdakı bir neçə neft emalı zavoduna qarşı əməliyyat qadağalarını da əhatə edir.

Yunanıstanın tələbi ilə Avropa şirkətlərinə Rusiya mayeləşdirilmiş təbii qazını üçüncü ölkələrə daşımaq üçün birillik istisna verilib. Güzəşt yalnız 24 fevral 2022-ci ildən əvvəl bağlanmış müqavilələrə şamil edilir, daşınan qazın həcmi 2025-ci il səviyyəsi ilə məhdudlaşdırılır və müddət avtomatik uzadıla bilər. Bununla yanaşı, Aİ-nin Rusiya LNG-sinin idxalına qoyduğu qadağanın 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi planı dəyişməyib.

Paket Rusiyanın hərbi-sənaye kompleksinə bağlı 56 şəxs və qurumu, o cümlədən uzaqmənzilli “Garpiya” pilotsuz uçuş aparatlarının istehsalı ilə əlaqələndirilən müəssisələri də əhatə edir. Çin, Türkiyə, Hindistan, Qazaxıstan, Qırğızıstan və BƏƏ-də yerləşən bəzi şirkətlər ikili təyinatlı məhsulların ixracına dair məhdudiyyət siyahısına əlavə olunub.