Avropa İttifaqı Hörmüz boğazında gəmiçilik azadlığının məhdudlaşdırılması ilə əlaqədar İranın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib.
MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, qərar Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kaya Kallasın Kiprdə Aİ müdafiə nazirlərinin qeyri-formal görüşündən sonra keçirdiyi mətbuat konfransı fonunda elan olunub.
Sanksiya siyahısına İran İnqilab Keşikçiləri Korpusunun — SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə bağlı Hörmüzqan əyalət komandanlığı, həmçinin Məhəmməd Əkbərzadə və Həmid Hüseyni daxil edilib. Aİ Şurasının məlumatına görə, bu şəxslər və qurum İranın Hörmüz boğazında qanuni tranzit keçidi və gəmiçilik azadlığını məhdudlaşdıran fəaliyyətlərinə dəstək verməkdə ittiham olunur.
Aİ Şurası bildirir ki, SEPAH Hərbi Dəniz Qüvvələrinin Hörmüzqan əyalət komandanlığı Hörmüz boğazında keçidə nəzarəti ələ alaraq gəmilərdən identifikasiya sənədləri, yük və təyinat məntəqəsi barədə məlumatlar tələb edən sistem tətbiq edib. Qurumun açıqlamasına əsasən, həmin məlumatlar sonradan Hörmüzqan komandanlığına ötürülüb və bəzi hallarda gəmilərin keçidinə icazə verilməsi ödənişlərlə əlaqələndirilib.
Məhəmməd Əkbərzadə SEPAH Hərbi Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə komandan müavini və qurumun sözçüsü kimi təqdim olunur. Aİ Şurası onun Hörmüz boğazından keçən gəmilərə qarşı raket və ya dronlardan istifadə ilə hədələr səsləndirdiyini bildirib. Həmid Hüseyni isə İranın neft, qaz və neft-kimya məhsulları ixracatçıları birliyinin nümayəndəsi və İran Ticarət Palatasının üzvü kimi sanksiya siyahısına daxil edilib.
Kaya Kallas mətbuat konfransında İranın addımlarını qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, Aİ ölkələri Hörmüz boğazında tranzitin pozulmasında iştirak edən İran qurumları və şəxslərinə qarşı sanksiyaları təsdiqləyiblər. Kallas bildirib ki, bu, Aİ-nin yeni “naviqasiya azadlığı” rejimini ilk dəfə tətbiq etməsidir və ehtiyac yaranarsa, bu mexanizmdən yenidən istifadə olunacaq.
“EEAS”ın dərc etdiyi açıqlamada Kallas Hörmüz boğazı ilə gübrə, ərzaq və enerji daşımalarının bərpasını təcili prioritet adlandırıb. O bildirib ki, Aİ regionda gəmiçiliyin qorunması üçün mövcud dəniz əməliyyatlarının imkanlarını müzakirə edir və ASPIDES missiyası gəmiçilik azadlığının təminində mühüm rol oynaya bilər.
“Reuters” qeyd edir ki, Hörmüz boğazı dünya neft axınının təxminən beşdəbirinin keçdiyi strateji dəniz yoludur. Buna görə boğazda hərəkətin məhdudlaşdırılması enerji bazarları, qlobal ticarət və regional təhlükəsizlik üçün ciddi risk yaradır.
Aİ Şurasının məlumatına görə, son qərardan sonra dəyişdirilmiş sanksiya rejimi çərçivəsində müxtəlif ölkələrdən ümumilikdə 26 fiziki və hüquqi şəxsə, həmçinin 27 quruma məhdudlaşdırıcı tədbirlər tətbiq olunur. Sanksiyalar aktivlərin dondurulması, Aİ ərazisinə giriş məhdudiyyətləri və sanksiya siyahısındakı şəxslər və qurumlarla maliyyə əməliyyatlarının qadağan edilməsini nəzərdə tutur.