Arteta “”Real”a gələ bilər

“OK Diario”nun məlumatına görə, Enrike Rikelme “Real Madrid” prezident seçkisində Florentino Peresi məğlub edəcəyi halda Mikel Artetanı baş məşqçi təyin etməyi planlaşdırır. İddia hələlik rəsmi təsdiqini tapmayıb.

26

“Real Madrid” prezidentliyinə namizəd Enrike Rikelmenin seçkidə qalib gələcəyi halda Mikel Artetanı komandanın baş məşqçisi təyin etməyi planlaşdırdığı iddia olunur.

MSNews.az xəbər verir ki, İspaniyanın “OK Diario” nəşri bu barədə məlumat yayıb. Nəşrin iddiasına görə, Rikelme iyunun 7-də keçiriləcək seçkidə Florentino Peresi məğlub edərsə, hazırda “Arsenal”ı çalışdıran Arteta onun idman layihəsinin əsas fiqurlarından biri olacaq.

“OK Diario” yazır ki, Rikelme Arteta ilə bir neçə danışıq aparıb və ispaniyalı mütəxəssisdən razılıq alıb. Mənbəyə görə, Rikelmenin planında yalnız baş məşqçi dəyişikliyi yox, həm də klub strukturunda idman direktoru postunun yaradılması nəzərdə tutulur.

Bununla belə, məlumat hələlik rəsmi təsdiqini tapmayıb. “beIN Sports” da “OK Diario”ya istinadən yazır ki, Artetanın adı Rikelmenin seçki layihəsi ilə əlaqələndirilsə də, nə Rikelme, nə “Arsenal”, nə də məşqçinin özü bunu təsdiqləyib. Bu səbəbdən məlumat hazırda seçki kampaniyası fonunda yayılan iddia kimi qiymətləndirilir.

Reuters”in məlumatına görə, Enrike Rikelme Florentino Peresə qarşı “Real Madrid” prezidentliyi uğrunda kampaniyasını rəsmən başladıb. Agentlik yazır ki, bu, son 20 ildə “Real Madrid”də ciddi rəqibin iştirak etdiyi ilk prezident seçkisi hesab olunur.

Rikelme kampaniyasında klub üzvlərinin rolunu artırmağı, Valdebebas bazasının ərazisində “La Ciudad del Socio” adlı layihə yaratmağı, üzvlük haqlarını azaltmağı və mövsümlük biletlərin bir qismini püşkatma yolu ilə azarkeşlərə təqdim etməyi vəd edib. O, həmçinin Florentino Peresin klubun müəyyən hissəsini xarici investorlara açmaq ideyasına qarşı çıxdığını bildirib.

Sports Illustrated” yazır ki, Rikelme daha əvvəl seçki kampaniyasını açıqlamazdan öncə baş məşqçi məsələsində razılıq əldə etdiyini demiş, lakin həmin şəxsin adını açıqlamamışdı. O, seçdiyi məşqçinin hazırda başqa klubla müqaviləsi olduğunu da bildirmişdi.