Argentina televiziyasında ölkənin milli futbol komandasını tənqid edən tanınmış şəxslərdən ibarət satirik “futbol komandası” təqdim olunub.
MSNews.az “TN”-ə istinadən xəbər verir ki, siyahıya siyasət, kino, musiqi, idman və sosial media sahələrindən ümumilikdə 10 tanınmış şəxs daxil edilib.
Təqdim edilən heyətdə Meksika Prezidenti Klaudiya Şeynbaum, ispaniyalı müğənni Rozaliya, amerikalı aktyor Samuel L. Cekson, strimer “IShowSpeed”, Nyu-York meri Zöhran Mamdani, ispaniyalı strimer İbai Llanos, livanlı media siması Mia Xalifa, çilili aktyor Pedro Paskal, Misir millisinin baş məşqçisi Hossam Hassan və britaniyalı jurnalist Pirs Morqan yer alıb.
Sosial şəbəkələrdə yayılan təqdimatda “komanda” 4-3-3 sxemi ilə, lakin qapıçı olmadan göstərilib.
Siyahının hazırlanmasına sözügedən şəxslərin 2026-cı il dünya çempionatı zamanı və turnirdən sonra Argentina millisi, Lionel Messi və ölkə haqqında səsləndirdikləri fikirlər səbəb olub. Məsələn, Pirs Morqan Argentinanın oyun üslubunu sərt şəkildə tənqid etmiş, Hossam Hassan isə Misirin Argentina ilə qarşılaşmasındakı hakim qərarlarından narazılığını bildirmişdi.
Bununla belə, siyahı rəsmi qiymətləndirmə deyil və televiziya müəlliflərinin satirik yanaşmasını əks etdirir. “LA NACION” yazır ki, RozaliyaArgentina ilə bağlı paylaşımına görə sonradan üzr istəyərək məzmunu tam oxumadan paylaşdığını bildirib.
“Chequeado” isə Argentina əleyhinə təşkilatlanmış və ödənişli beynəlxalq kampaniyanın mövcudluğunu təsdiqləyən etibarlı sübutların olmadığını qeyd edib.