Dünyaca məşhur amerikalı aktrisa Ancelina Coli Qəzza zolağına mümkün qədər tez və daha geniş miqyasda humanitar yardımın çatdırılmasının vacibliyini bəyan edib. Bu barədə Türkiyə və Misir mediası məlumat yayıb.
Məlumata görə, Ancelina Coli Qəzza zolağı ilə Misir arasında yerləşən Rəfah Sərhəd Keçid Məntəqəsini ziyarət edib. Səfər zamanı onu Misirin Şimali Sinay valisi Xalid Mücavir və ölkənin keçmiş miqrasiya üzrə dövlət naziri Nəbilə Məkrəm müşayiət edib.
Rəfah keçid məntəqəsində humanitar yardım əməkdaşları ilə görüşən Coli, Qəzzaya yardımın çatdırılması üçün göstərilən səyləri yüksək qiymətləndirib. O bildirib ki, Qəzzada yaşayan ailələr dərin humanitar böhranla üz-üzədir və bölgəyə daha çox yardımın ən qısa zamanda daxil olması həyati əhəmiyyət daşıyır.
Ancelina Coli həmçinin Əl-Ariş şəhərində yerləşən Misir Qızıl Aypara Cəmiyyətinin logistika mərkəzini ziyarət edib. Burada Qəzza zolağına göndəriləcək humanitar yüklərin vəziyyəti ilə tanış olan aktrisa, fələstinlilər üçün yardım paketlərinin hazırlanmasında da şəxsən iştirak edib.
Coli bu addımı ilə Qəzzaya yardımların çatdırılmasında yaşanan çətinliklərə baxmayaraq, könüllülərin və humanitar təşkilatların rolunun son dərəcə vacib olduğunu vurğulayıb. O, eyni zamanda yardımların Misirdən Qəzzaya hansı mərhələlərdən keçdiyi, harada və necə saxlandığı barədə ətraflı məlumat alıb.
Səfər çərçivəsində Ancelina Colinin, Misirin atəşkəs dövründə qəbul etdiyi fələstinli yaralı və xəstələrin vəziyyəti ilə tanış olmaq üçün Əl-Ariş Xəstəxanasını da ziyarət edəcəyi bildirilib.
Qeyd edək ki, İsrail ordusu 10 oktyabr tarixində əldə olunmuş atəşkəs razılaşmasına əsasən Rəfah Sərhəd Keçid Məntəqəsini açmalı, Qəzzaya gündəlik 600 humanitar yardım yük maşınının girişinə icazə verməli və hərbi əməliyyatları tam dayandırmalı idi. Lakin indiyədək bu öhdəliklərin heç biri tam şəkildə yerinə yetirilməyib.