Yeni mövsüm üçün Azərbaycan 2-ci Liqasına vəsiqə uğrunda keçirilən pley-off görüşündə “Ağstafa Gəncləri” qələbə qazanıb.
MSNews.az xəbər verir ki, həlledici matçda “Biləsuvar” və “Ağstafa Gəncləri” komandaları üz-üzə gəlib. Yevlax şəhər stadionunda keçirilən qarşılaşma Ağstafa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab 9-cu dəqiqədə açılıb. Əli Bağırov “Ağstafa Gəncləri”ni önə keçirib. Birinci hissəyə əlavə olunmuş 2-ci dəqiqədə A.Tağıyev fərqi artırıb. 47-ci dəqiqədə isə E.Hüseynov üçüncü qolu vuraraq oyunun yekun nəticəsini müəyyənləşdirib.
Bu qələbədən sonra “Ağstafa Gəncləri” növbəti mövsüm üçün 2-ci Liqadakı yerini qoruyub. “Biləsuvar” isə Region Liqasından 2-ci Liqaya yüksəlmək imkanından istifadə edə bilməyib.
Qeyd edək ki, “Ağstafa Gəncləri” ötən mövsüm Azərbaycan 2-ci Liqasını 11-ci pillədə başa vurmuşdu. “Biləsuvar” isə Region Liqasında üçüncü olmuşdu.
Görüşü baş hakim Rəşad Əhmədov idarə edib. Ona Rahil Ramazanov, Tərlan Talıbzadə və Ruslan Quliyev kömək ediblər.