ABŞ Prezidenti Donald Trampın administrasiyası İraq Kürdüstanındakı peşmərgə qüvvələrinə hərbi və maliyyə dəstəyini nəzərdə tutan mövcud təhlükəsizlik sazişini sentyabrın 30-dan sonra yeniləməyə bilər.
MSNews.az xəbər verir ki, “BBC” məsələ ilə tanış dörd mənbəyə istinadən Pentaqonun son görüşlərdə Kürdüstan Regional Hökumətinin nümayəndələrinə hazırkı razılaşmanı uzatmağı planlaşdırmadığını çatdırdığını yazıb. Sazişin müddəti 30 sentyabr 2026-cı ildə başa çatır.
Mövcud mexanizm çərçivəsində peşmərgə qüvvələri ABŞ-dan silah, təlim və əməkhaqqı üçün maliyyə dəstəyi alır. “BBC”nin məlumatına görə, 2026-cı maliyyə ilində bu məqsədlə 61 milyon dollar ayrılıb.
Bununla belə, yardımın tam dayandırılması hələ rəsmi şəkildə təsdiqlənməyib. “Rûdaw” Peşmərgə Nazirliyindəki mənbələrə istinadən bildirib ki, Ərbil ABŞ-dan sazişin dayandırılması və ya uzadılmaması barədə rəsmi yazılı bildiriş almayıb. Kürd tərəfi avqust və sentyabr ayları üzrə ödənişlərin həyata keçirilməsini gözlədiyini bildirir.
“The National” isə Kürdüstan rəsmilərinə istinadən yazır ki, hazırkı maliyyələşdirmə mexanizminin başa çatması ABŞ ilə təhlükəsizlik əməkdaşlığının tam dayanması demək deyil. Təlim, hərbi məsləhət, logistika, institusional islahat və peşmərgə qüvvələrinin birləşdirilməsi üzrə əməkdaşlığın başqa formatlarda davam etdirilməsi mümkündür.
Sazişin müddətinin başa çatması ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın İraqdakı missiyasının yekunlaşması ilə eyni vaxta təsadüf edir. İraqın Baş naziri Əli əz-Zeydi sentyabrın 30-nu koalisiya qüvvələrinin ölkədən çıxmasının “dəqiq və son tarix”i adlandırıb. ABŞ rəsmiləri də qüvvələrin həmin tarixədək İraqdan çıxarılmasının plan üzrə davam etdiyini təsdiqləyiblər. Bu barədə “Associated Press” məlumat yayıb.
Almaniyanın beynəlxalq koalisiya çərçivəsində İraq Kürdüstanındakı hərbi missiyası isə artıq başa çatıb. “Anadolu Agentliyi” avqustun 26-da Ərbildə alman hərbi müşavirlərinin fəaliyyətinin başa çatması ilə bağlı rəsmi mərasimin keçirildiyini bildirib. Almaniya qüvvələri illər ərzində İraq ordusu və peşmərgənin təlimi, silah proqramları və kəşfiyyat fəaliyyəti ilə məşğul olub.
İraq hökumətinin məlumatına görə, sentyabrın 30-dan sonra koalisiya formatı ikitərəfli təhlükəsizlik əməkdaşlığı ilə əvəzlənəcək. Gələcək münasibətlərin kəşfiyyat məlumatlarının mübadiləsi, təlim və silah proqramları üzərində qurulması nəzərdə tutulur.