ABŞ-İran gərginliyi artır: danışıqlar dalana dirənib, blokada davam edir

ABŞ və İran arasında gərginlik artır. CNN və Axios-a görə danışıqlar dalana dirənib, blokada davam edir və tərəflər sərt bəyanatlar verir.

10

ABŞ ilə İran arasında gərginlik yenidən yüksəlir. CNN məlumatına görə, ABŞ administrasiyası yeni danışıqlar raunduna başlamaq üçün Tehrana ilkin şərtlər siyahısı göndərsə də, hələlik heç bir cavab almayıb.

Məlumata görə, bu vəziyyət ABŞ vitse-prezidenti Cey Di Vensin və digər rəsmilərin Pakistana planlaşdırılan səfərinin effektivliyi ilə bağlı şübhələri artırıb. Ağ Evdə keçirilən təcili təhlükəsizlik müşavirələrindən sonra da İran tərəfindən heç bir rəsmi reaksiya verilməyib.

Eyni zamanda “Axios” yazır ki, ABŞ nümayəndələri hələ də ölkəni tərk etməyib və diplomatik proses qeyri-müəyyən olaraq qalır.

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, İran limanlarına qarşı tətbiq edilən blokada davam etdiriləcək və bu addım Tehranın əsas gəlir mənbələrinə ciddi zərbə vurur. Onun sözlərinə görə, Vaşinqton “maksimum təzyiq” siyasəti çərçivəsində iqtisadi məhdudiyyətləri daha da gücləndirəcək.

ABŞ prezidenti Donald Trump isə bəyan edib ki, Hörmüz boğazının açılması halında İranla heç bir razılaşma mümkün olmayacaq. O, həmçinin iddia edib ki, blokada nəticəsində İran gündə yüz milyonlarla dollar itirir.

Digər tərəfdən, İran rəsmiləri ABŞ-ın addımlarını sərt şəkildə tənqid edir. İran parlamenti sədrinin müşaviri Mehdi Məhəmmədi bildirib ki, blokadanın davam etməsi faktiki olaraq hərbi əməliyyat kimi qiymətləndirilməlidir və buna cavab verilməlidir.

İranın dövlət teleradio qurumu IRIB isə açıqlayıb ki, Tehran atəşkəsin uzadılmasını tanımır və milli maraqlardan asılı olaraq ona əməl etməmək hüququnu özündə saxlayır.

Bundan əlavə, “Tasnim” agentliyi bildirib ki, dəniz blokadasının davam etməsi düşmənçiliyin davamı kimi qiymətləndirilir və zərurət yaranarsa İran onu güc yolu ilə yarmağa cəhd göstərə bilər.

Analitiklər hesab edir ki, tərəflər arasında fikir ayrılıqları, xüsusilə nüvə proqramı və uranın zənginləşdirilməsi məsələsi danışıqların əsas maneəsi olaraq qalır. Mövcud vəziyyət isə regionda daha geniş eskalasiya riskini artırır.