ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Dan Keyn Amerika Silahlı Qüvvələrinin gələcək münaqişələrdə dənizin dibindən Ayın ətrafındakı kosmik məkana qədər uzanan geniş əməliyyat zonasına hazırlaşmalı olduğunu bildirib.
MSNews.az xəbər verir ki, Keyn bu barədə sentyabrın 16-da Merilend ştatında keçirilən Air, Space & Cyber Conference-də çıxışı zamanı danışıb. Konfransın rəsmi proqramında o, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri kimi əsas məruzəçilərdən biri olub.
General bildirib:
“Bizim vəzifəmiz elə indidən uyğunlaşmaqdır ki, birləşmiş qüvvələr dənizin dibindən cislunar kosmosa qədər mübahisəli mühitlərdə döyüşməyə, davam gətirməyə və qalib gəlməyə hazır olsun”.
Keynin istifadə etdiyi “cislunar space” anlayışı Yer ilə Ay arasındakı və Ayın ətrafındakı geniş kosmik məkanı ifadə edir. Buna görə açıqlamanı ABŞ ordusunun birbaşa Ay səthində müharibəyə hazırlaşması kimi təqdim etmək tam dəqiq deyil. Söhbət ilk növbədə kosmosda və Ay ətrafındakı strateji zonada mümkün hərbi qarşıdurmaya hazırlıqdan gedir.
“Associated Press” qeyd edir ki, bu açıqlama ABŞ Hərbi Hava Qüvvələri katibi Troy Meinkin ölkənin orbitdə kosmik nəzarət silahları yerləşdirdiyini ilk dəfə açıq şəkildə bildirməsindən bir neçə gün sonraya təsadüf edib. Meink sistemlərin növü və yerləşdirilmə vaxtı barədə detalları açıqlamayıb.
ABŞ Kosmik Qüvvələrinin rəsmiləri son aylarda Ay ətrafındakı məkanın strateji əhəmiyyətinin sürətlə artdığını vurğulayırlar. Yanvar ayında Kosmik Qüvvələrin yüksək vəzifəli komandirlərindən biri bu sahə üzrə planlaşdırmanın daha ciddi şəkildə aparılmasının vacibliyini bildirmişdi.
Bununla yanaşı, 1967-ci il Kosmos haqqında Müqavilə Ayda hərbi bazaların yaradılmasını, silah sınaqlarını və hərbi manevrləri qadağan edir. Müqavilə həmçinin nüvə və digər kütləvi qırğın silahlarının orbitdə və ya səma cisimlərində yerləşdirilməsinə icazə vermir.