ABŞ Sikkəxanası 11 sentyabr 2001-ci il terror aktlarının 25-ci ildönümü münasibətilə xüsusi dizaynlı 50 sentlik sikkə buraxıb. “Semiquincentennial Enduring Liberty Half Dollar” adlanan sikkədə faciənin tarixi və “NEVER FORGET” — “Heç vaxt unutmayacağıq” mesajı yer alır.
MSNews.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi xüsusi buraxılışı sentyabrın 10-da rəsmən elan edib. Nazirlik sikkənin 11 sentyabr qurbanlarının xatirəsinə və həmin gün insanların həyatını xilas etmək üçün çalışanların qəhrəmanlığına həsr olunduğunu bildirib.
Sikkənin nominal dəyəri 50 sentdir. 2026-cı ildə ABŞ-ın 250 illiyi ilə əlaqədar adi Kennedi portreti müvəqqəti olaraq “Enduring Liberty” dizaynı ilə əvəzlənib. Sikkənin ön tərəfində Azadlıq heykəlinin yaxından təsviri, arxa tərəfində isə Azadlıq obrazının məşəli yeni nəslə ötürməsi əks olunub. Kennedi portreti 2027-ci ildə yenidən yarım dollarlıq sikkəyə qayıdacaq.
11 sentyabra həsr olunmuş xüsusi versiyada hücumun tarixi — “9-11-01” — “NEVER FORGET” ifadəsi ilə əhatələnən xüsusi nişanla əlavə edilib. ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, faciədən 25 il keçməsinə baxmayaraq, qurbanlara və onların ailələrinə verilən “heç vaxt unutmayacağıq” sözü dəyişməyib.
Sikkələr Filadelfiya Sikkəxanasında hazırlanır. ABŞ Sikkəxanasının satış məlumatına əsasən, 20 sikkədən ibarət rulon 40 dollara, 100 sikkəlik paket isə 100 dollara təklif olunur. Məhsul hazırda xüsusi məhdud buraxılış kimi öncədən sifarişə açıqdır.
Buraxılışla bağlı daha bir maraqlı detal var. ABŞ Sikkəxanası avqust ayında ayrıca 2 983 xüsusi sikkəni Nyu-Yorkdakı Milli 11 Sentyabr Memorialı və Muzeyinə təqdim edib. Bu rəqəm 2001-ci il 11 sentyabr hücumlarında və 1993-cü ildə Dünya Ticarət Mərkəzinə hücumda həlak olanların ümumi sayını simvolizə edir. Həmin sikkələr Vest-Poynt müəssisəsində zərb olunub və üzərində “ALWAYS REMEMBER” yazısı olan fərqli nişan yerləşdirilib.