İsrailin xarici kəşfiyyat xidməti Mossadın keçmiş direktoru Tamir Pardo İordan çayının qərb sahilində fələstinli kəndlərinə qarşı məskunlaşanlar tərəfindən törədilən zorakılıqlarla tanış olduqdan sonra sərt açıqlama verib. O, “Channel 13”-ə danışarkən baş verənləri İsrail dövləti üçün “ekzistensial təhlükə” adlandırıb.
MSNews.az xəbəri “The Times of Israel”-ə istinadən verir.
Pardo son aylarda hücumlara məruz qalan fələstinli kəndlərini ziyarət edib. Səfərdən sonra o bildirib ki, gördükləri ona ötən əsrdə yəhudilərə qarşı törədilən hadisələri xatırladıb: “Mənim anam Holokostdan sağ çıxmışdı və burada gördüklərim mənə keçən əsrdə yəhudilərə qarşı baş verənləri xatırlatdı. Özümü yəhudi olduğuma görə utanc içində hiss etdim”, — deyə Pardo qeyd edib.
Keçmiş Mossad rəhbəri xəbərdarlıq edib ki, Qərb sahilində radikal məskunlaşanların zorakılığı və hökumətin buna yetərli reaksiya verməməsi bölgədə daha böyük təhlükəsizlik böhranına yol aça bilər. Onun sözlərinə görə, bu proses gələcəkdə Qərb sahilindən “7 oktyabr tipli” yeni hücum riskini artıra bilər.
Pardo həmçinin bildirib ki, zorakı məskunlaşanlara qarşı ciddi tədbir görülməsi İsrail daxilində ağır siyasi qarşıdurmaya, hətta vətəndaş qarşıdurmasına səbəb ola bilər. O, bu qrupların bir hissəsinin dövlət tərəfindən silahlandırıldığını və İsrailin siyasi dairələrində güclü əlaqələrə malik olduğunu vurğulayıb.
“The Times of Israel”in məlumatına görə, İsrail polisi “Channel 13”-ə cavabında Qərb sahilində öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərdiyini bildirib. Polis yanvar ayından bəri məskunlaşanların zorakılığı ilə bağlı 48 şübhəlinin saxlanıldığını və 33 ittiham aktının təqdim edildiyini açıqlayıb.