Rumıniya 1 milyard dollarlıq “Drakula” parkı tikir

Rumıniyada “Dracula Land” adlı 1 milyard avroluq tematik əyləncə parkının 2027-ci ildə açılması planlaşdırılır. Layihə Transilvaniya və Drakula mifologiyasına əsaslanır.

73

Rumıniyada Drakula mifologiyasına həsr olunmuş iri miqyaslı tematik parkın inşası planlaşdırılır. Yerli və beynəlxalq media mənbələrinin məlumatına görə, layihənin dəyəri təxminən 1 milyard avro təşkil edir və parkın 2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

“Fangoria” nəşrinin yazdığına görə, “Dracula Land” adlanacaq park Buxarest şəhərinin mərkəzindən təxminən 20 dəqiqəlik, beynəlxalq hava limanından isə 15 dəqiqəlik məsafədə yerləşəcək. Bu da layihəni xarici turistlər üçün asan əlçatan edəcək.

“Daily Mail”-in məlumatına əsasən, layihə əyləncə, turizm və istirahəti birləşdirən meqa-kurort formatında hazırlanır. Park altı əsas tematik zonadan ibarət olacaq. Bunlara Transilvaniya, Drakulanın Qalası, Viktoriya dövrü Londonu və Nyu-Orleana həsr olunmuş ərazilər daxildir.

Layihə çərçivəsində 40-dan çox attraksion, o cümlədən sürətli qatarlar, qapalı “dark ride”lər və interaktiv təcrübə zonalarının yaradılması planlaşdırılır. Bundan əlavə, üç tematik hoteldə ümumilikdə 1 200 otaq, böyük akvapark, termal spa mərkəzi, 22 500 yerlik əyləncə arenası və lüks ticarət mərkəzi nəzərdə tutulur.

Məlumata görə, layihəyə həmçinin rəqəmsal metavers platforması da daxil ediləcək. Bu platformada “DraculaCoin” adlı xüsusi kriptovalyutanın istifadəsi planlaşdırılır.

Layihənin əsas məqsədi Rumıniyanın vampir mifologiyası, xüsusilə də Transilvaniya ilə əlaqəli mədəni irsini müasir turizm sənayesi ilə birləşdirərək ölkənin beynəlxalq turizm cəlbediciliyini artırmaqdır.