Rusiyada döyüşən serblər Bosniyada yeni müharibəyə hazırlaşır

"The Telegraph" yazır ki, Rusiyanın tərəfində Ukraynada vuruşan serb muzdlu döyüşçülər müharibəni Bosniya və Herseqovinaya daşımaq niyyətindədir.

101

Ukrayna–Rusiya müharibəsində Rusiyanın tərəfində döyüşən serb muzdlu döyüşçülərin münaqişəni Balkanlara daşımaq niyyətində olduğu bildirilir.

Britaniyanın “The Telegraph” nəşrinin yazdığına görə, Rusiyada vuruşan yüzlərlə serb gəncin əsas hədəfi Ukraynadakı müharibədən sonra Bosniya və Herseqovinaya qayıdaraq yeni silahlı qarşıdurmada iştirak etməkdir.

Müharibənin artıq dördüncü ilinə qədəm qoyduğu Ukrayna cəbhəsində müxtəlif ölkələrdən olan döyüşçülərin hər iki tərəfdə vuruşduğu məlumdur. Serblər, amerikalılar, avropalılar, eləcə də, Şimali Koreyadan olan hərbçilər həm Rusiya, həm də Ukrayna tərəfdən döyüşlərdə iştirak ediblər.

“Telegraph” yazır ki, Rusiyanın nəzarəti altında döyüşən serb millətçilər Ukraynanın tam işğalında Moskvaya yardım etmək üçün qruplar halında cəbhəyə göndərilir. Onların əsas arzusu isə müharibədən sonra Rusiyanın Bosniya və Herseqovinada yeni bir silahlı qarşıdurmanı dəstəkləməsidir.

“Serbiya Cəngavərləri” adlı qruplar vasitəsilə sosial şəbəkələrdə yayılan görüntülərdə serb artilleriya bölmələrinin fəaliyyəti nümayiş etdirilir. Bu muzdlu döyüşçülər silah və sursat çatışmazlığının olmadığını bildirir və Ukraynada döyüşərkən yeni Balkan müharibəsinə hazırlaşdıqlarını gizlətmirlər.

Məlumata görə, yüzlərlə serb gənci sosial şəbəkələr vasitəsilə təbliğat və maliyyə vədləri ilə Rusiyanın tərəfinə cəlb edilir. Rus ordusunda döyüşən serb muzdlu döyüşçülər arasında Bosniya müharibəsinin veteranları da var.

Sosial mediada serb xalqı ilə Rusiya arasındakı “tarixi bağlar” vurğulanır, boşluqda qalan gənclər müharibə görüntüləri və ideoloji təbliğatla radikallaşdırılır. Bu prosesdə pul amili həlledici rol oynayır.

Rusiyanın muzdlu döyüşçülərə təxminən 52 min AZN müqavilə pulu və aylıq 5200 AZN maaş təklif etdiyi bildirilir. Bu rəqəmlər xüsusilə, Serbiya kimi iqtisadi çətinliklər yaşayan ölkələrdən olan gənclər üçün cəlbedici hesab olunur.

Cəbhədən sağ qayıdan döyüşçülər isə artıq tam hazırlıqlı paramilitar qüvvələr kimi Serbiyaya dönürlər. Onların əsas hədəfləri arasında Kosovo və Bosniya-Hersoqovinaya nəzarətin geri alınması ideyası ön plandadır.

Bu sosial media kampaniyalarının əsas simalarından biri Dario Ristiç adlı serb döyüşçüsüdür. Ukraynada “Perm Ayıları” kimi tanınan rus bölüyündə döyüşərkən yaralanan və protez ayaqla Bosniyaya qayıdan Ristiç TikTok və VKontakte platformalarında müharibəni romantikləşdirən paylaşımlar edir.

Onun paylaşımlarında Bosniyadakı müsəlman icması açıq şəkildə hədəf alınır. Videolardan birində Ristiçin yanında olan başqa bir serb döyüşçü kameraya belə deyir:

“Burada NATO faşistləri ilə işimiz bitəndən sonra geri qayıdacağıq. Məbədlərimizi geri almaq üçün qayıdacağıq. Bizim olanı geri almaq üçün qayıdacağıq. Tanrıya şükürlər olsun. Ana Rusiyaya şan olsun. Qələbəyə!”

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür ritorika və təşkilatlanma Balkanlarda yeni bir müharibənin ideoloji və hərbi zəminini formalaşdırır.