Lüdviq van Bethovenin ölümündən iki əsr sonra vəsiyyəti gözlənilmədən həyata keçirildi. Onun saçlarından əldə edilən DNA nümunələri məşhur bəstəkarın xəstəlikləri və ailə keçmişi ilə bağlı yeni və sensasion faktları üzə çıxardı.
Lüdviq van Bethoven 1827-ci ilin martında uzun sürən xəstəlikdən sonra vəfat edərkən sarılıq, ətrafların şişməsi və ciddi nəfəs darlığı kimi simptomlardan əziyyət çəkirdi. Ölümündən sonra şəxsi əşyaları arasında illər əvvəl qələmə aldığı və sağlamlıq vəziyyətinin ictimaiyyətə açıqlanmasını istədiyi bir vəsiyyət tapılmışdı.
Aradan təxminən 200 il keçdikdən sonra bu arzu gözlənilməz şəkildə gerçəkləşdirildi. Bəstəkarın orijinallığı təsdiqlənmiş saç nümunələrindən götürülən DNA materialı onun xəstəlikləri ilə bağlı yeni elmi nəticələr ortaya qoydu.
Maks Plank Təkamül Antropologiyası İnstitutundan biokimyaçı Yohannes Krausenin də daxil olduğu beynəlxalq tədqiqat qrupu Bethovenin genetik materialını analiz edərək xüsusilə onun erkən yaşlardan başlayan və sürətlə irəliləyən eşitmə problemini araşdırıb.
Məlumdur ki, Bethovenin 20-li yaşlarında qulaqda cingilti ilə başlayan problem zamanla yüksək tezlikləri eşitməməyə çevrilmiş, 1818-ci ilə gəldikdə isə o, praktik olaraq tamamilə kar olmuşdu. Hətta şəxsi həkimi belə bu vəziyyətin səbəbini izah edə bilməmişdi.
Araşdırma göstərir ki, Bethoven təkcə eşitmə problemi ilə deyil, gənc yaşlarından etibarən şiddətli qarın ağrıları və xroniki ishaldan da əziyyət çəkib. Ölümündən təxminən altı il əvvəl isə qaraciyər xəstəliyinin ilk əlamətləri üzə çıxıb. Dahi bəstəkar 56 yaşında dünyasını dəyişib.
2007-ci ildə Bethovenə aid olduğu güman edilən bir saç nümunəsi üzərində aparılan ekspertiza onun ölümündə qurğuşun zəhərlənməsinin rol oynaya biləcəyini iddia etmişdi. Lakin yeni tədqiqat bu saçın Bethovenə deyil, kimliyi naməlum bir qadına məxsus olduğunu üzə çıxararaq həmin nəzəriyyəni tamamilə təkzib edib.
Buna qarşılıq, Bethovenə aid olduğu dəqiqliklə təsdiqlənmiş digər saç nümunələri onun ölümünün böyük ehtimalla hepatit B infeksiyası ilə əlaqəli olduğunu göstərib. Alimlər bildirir ki, bu infeksiya alkoqol qəbulu və mövcud qaraciyər xəstəliyi risk faktorları ilə birlikdə ölümə təsir göstərmiş ola bilər.
Yohannes Krause vurğulayıb ki, dəqiq ölüm səbəbini qəti şəkildə demək mümkün olmasa da, irsi risklərin və hepatit B infeksiyasının mövcudluğu elmi cəhətdən təsdiqlənib.
Araşdırma Bethovenin sağırlığı və mədə-bağırsaq problemləri üçün konkret genetik səbəb ortaya qoya bilməsə də, gözlənilməz bir detal diqqət çəkib.
Saç nümunələrindən əldə edilən Y-xromosom məlumatları Bethovenin ata xətti üzrə yaşayan müasir qohumları ilə uyğunluq göstərməyib. Bu isə 1572–1770-ci illər arasında bəstəkarın ata nəslində evlilikdənkənar bir soy qırılmasının baş verdiyini ehtimal etməyə əsas verir.
Beləliklə, Bethovenin sağlamlıq vəziyyətinin anlaşılmasını istəyən vəsiyyəti, 200 il sonra yalnız onun xəstəliklərinə deyil, ailəsinin gizli qalan keçmişinə də işıq salmış oldu.
Araşdırma “Current Biology” elmi jurnalında dərc edilib.