1 milyard 416 milyon nəfərdən çox əhalisi ilə dünyanın Hindistandan sonra ikinci ən sıx əhalisi olan Çin, azalan doğum göstəricilərini artırmaq məqsədilə mühüm bir qərar qəbul edib.
32 ildir vergi güzəştinə malik olan doğuma nəzarət məhsullarına – prezervativlər, doğum nəzarət həbləri və spiral – 13% ƏDV tətbiq olunacaq. Bu qərarın 1 yanvar 2026-cı il tarixindən etibarən qüvvəyə minəcəyi açıqlanıb.
1993-cü ildən etibarən qüvvədə olan vergi güzəşti ilə bağlı qərar artıq tarixə qovuşur. Rəsmi şəxslər bildirirlər ki, bu addımın arxasında azalan doğum göstəriciləri, sürətlə yaşlanan əhali və daralan işçi qüvvəsi kimi narahatlıqlar dayanır.
Çin Milli Statistika Bürosunun məlumatına görə, 2024-cü ildə ölkədə 9,5 milyon uşaq doğulub. Bu rəqəm 2019-cu ildəki 14,7 milyon doğuma nisbətən təxminən 35% azalma deməkdir. Hətta “Əjdəha ili” səbəbindən müvəqqəti artım müşahidə olunsa da, ümumi tendensiya aşağı istiqamətlidir.
2023-cü ildə ölümlərin doğumları qabaqlaması ilə Çin, dünyanın ən çox əhalisi olan ölkə statusunu Hindistana təhvil verib.
1980–2015-ci illərdə Çin tək uşaqlı siyasət tətbiq edərək doğumları sərt qaydalarla məhdudlaşdırmışdı. 2015-ci ildə iki, 2021-ci ildə isə üç uşaq icazəsi verilərək siyasət yumşaldıldı. Bu dövrdə doğum nəzarət məhsulları dövlət tərəfindən təşviq olunmuş və bəzi xidmətlər pulsuz təqdim edilmişdi.
Yeni vergi qərarı isə bu təşviq siyasəti ilə ziddiyyət təşkil etdiyi üçün tənqidlərin mərkəzinə çevrilib.
Çin hökuməti doğum göstəricilərini artırmaq məqsədilə sosial dəstək tədbirləri də planlaşdırır. Bunlara aşağıdakılar daxildir:
-
Analıq məzuniyyətinin 128 gündən 158 günə uzadılması
-
Atalıq məzuniyyətinin 30 günə çatdırılması
-
2025-ci il 1 yanvardan sonra doğulan uşaqlar üçün illik 500 ABŞ dolları dövlət dəstəyi
Bu addımların məqsədi əhalinin artımını təşviq etməkdir.