Tayvanda güclü partlayış: 15 nəfər xəsarət alıb

Tayvanın Tainan şəhərində tullantıların saxlanıldığı ərazidə yanğın və güclü partlayış baş verib. Son rəsmi məlumatlara görə, 15 nəfər xəsarət alıb, yaşayış evləri və avtomobillərə ziyan dəyib.

20

Tayvanın cənubundakı Tainan şəhərində tullantıların saxlanıldığı açıq ərazidə baş verən yanğın güclü partlayışa səbəb olub. Son rəsmi məlumatlara görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.

MSNews.az xəbər verir ki, hadisə avqustun 22-də gecə saatlarında Tainanın Annan rayonunun Haidian Road ərazisində baş verib. İlkin məlumatlarda 3 yanğınsöndürən və 10 sakin olmaqla 13 nəfərin yaralandığı bildirilirdi. “Focus Taiwan” həmin ilkin rəqəmi Tainan Yanğınsöndürmə Bürosuna istinadən yayıb.

Lakin Tainan şəhər hökumətinin daha sonra açıqladığı yenilənmiş məlumatda xəsarət alanların sayı 15-ə çatdırılıb. Yaralıların əsasən baş və üz nahiyəsində kəsiklər, eləcə də müxtəlif yüngül travmalar aldığı, hamısına tibbi yardım göstərildiyi bildirilib.

İlkin araşdırma zamanı ərazidə işlənmiş yağ, metal alüminium və maqnezium aşkar edilib. Yanğın zamanı güclü yağışın başlaması və su ilə reaksiyaya girə bilən materialların olması fonunda partlayış baş verib. Bununla belə, hadisənin dəqiq səbəbi hələ araşdırılır və tullantıların ərazidə qanunsuz saxlanılıb-saxlanılmadığı istintaqın predmetidir.

Partlayış nəticəsində 11 yaşayış evində yanğın baş verib, onlarla digər ev müxtəlif dərəcədə zərər görüb. Son rəsmi hesablamaya əsasən, 8 yanğınsöndürmə maşını, 2 fövqəladə vəziyyət avtomobili, 1 təcili yardım maşını və 13 mülki avtomobil də zədələnib. Yanğın səhər saat 05:20-də tam söndürülüb.

PTS” isə partlayış dalğasının ümumilikdə 68 evə təsir etdiyini bildirir. Onlardan 11-i yanğın nəticəsində ciddi zərər görüb, 57 evdə isə partlayış dalğasının yaratdığı müxtəlif dağıntılar qeydə alınıb.

Şəhər hökumətinin məlumatına görə, hadisədən sonra aparılan ətraf mühit ölçmələrində əsas çirkləndirici göstəricilərdə normadan kənar nəticə qeydə alınmayıb. Bununla belə, güclü tüstü zamanı ammonyakın səviyyəsi qısa müddətə 20 ppm ölçüldüyü üçün yaxın ərazilərin sakinlərinə pəncərələri bağlı saxlamaq və açıq havada qalma müddətini azaltmaq tövsiyə olunub.

Polis və şəhər hakimiyyəti tullantıların mənşəyini və onların ərazidə hansı şəraitdə saxlanıldığını müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir.