Pakistanlı pilot Məhəmməd Zişan Əli Çinin “Tiangong” kosmik stansiyasına səfər edən ilk xarici vətəndaş olmağa hazırlaşır. Noyabrın 25-nə planlaşdırılan “Shenzhou-24” missiyası baş tutarsa, 40 yaşlı pilot həm də kosmosa çıxan ilk pakistanlı kimi tarixə düşəcək.
MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, kosmik gəminin noyabrın 25-də Bakı vaxtı ilə saat 04:18-də Çinin şimal-qərbində yerləşən Ciuçüan Peyk Buraxılış Mərkəzindən orbitə göndərilməsi planlaşdırılır. Uçuş “Long March-2F” daşıyıcı raketi vasitəsilə həyata keçiriləcək.
Üç nəfərlik ekipaja çinli astronavt Tanq Honqbo rəhbərlik edəcək. Heyətdə həmçinin uçuş mühəndisi Vu Yi və pakistanlı pilot Məhəmməd Zişan Əli yer alacaq.
Əli kosmik stansiyada 5–10 gün qalaraq elmi eksperimentlər aparacaq. O, missiya çərçivəsində elmi avadanlıqlar və tədqiqat yükləri üzrə mütəxəssis kimi fəaliyyət göstərəcək.
Tarixi uçuşa hazırlaşmaq üçün pakistanlı pilot Pekində yeddi aylıq intensiv təlim proqramı keçib. Hazırlıq müddətində o, texniki məşqlərlə yanaşı, Çin dilini öyrənib, Çin poeziyası və mədəniyyəti ilə tanış olub.
“Mən təkcə özüm üçün uçmuram. Çiyinlərimdə Pakistanın adını daşıyıram”, – deyə Əli jurnalistlərə açıqlamasında bildirib.
Pakistanın Baş naziri Şahbaz Şərif hadisəni tarixi nailiyyət adlandıraraq Çin Prezidenti Si Cinpinə təşəkkür edib.
Baş nazir iki ölkənin dostluğunun artıq kosmosa qədər uzandığını vurğulayıb.
Çin və Pakistan arasında kosmik əməkdaşlıq 1990-cı illərdən başlayıb. Çin indiyədək Pakistanın bir sıra peyklərini orbitə çıxarıb. 2028-ci il ətrafında Pakistan istehsalı olan Ay səthi aparatı da Çinin Ay missiyasına qoşulmalıdır.
“Associated Press” agentliyinin məlumatına görə, bu uçuş Çinin kosmik proqramını beynəlxalq əməkdaşlığa açmaq istiqamətində mühüm addım hesab olunur.
Missiyanın digər diqqətçəkən məqamı çinli astronavt Çju Yanqçzunun kosmosda bir il qalması planıdır. O, insan orqanizminin uzunmüddətli kosmik uçuşlara reaksiyasının öyrənilməsi üçün “Tiangong” stansiyasında fəaliyyətini davam etdirəcək.
Bu təcrübənin Çinin gələcək Ay və Mars missiyalarına hazırlığında mühüm rol oynayacağı gözlənilir.
Pekin 2030-cu ilədək Aya insan göndərməyi, 2035-ci ilədək isə Rusiya ilə birlikdə Ayda elmi-tədqiqat bazası qurmağı hədəfləyir.