Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin bağlana biləcəyi barədə xəbərdarlıq edib. Buna səbəb İsveçrənin Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən uşaqların köçürülməsində iştirak etməkdə ittiham olunan Şimali Koreya uşaq düşərgəsinə sanksiya tətbiq etməsidir.
MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin noyabrın 23-də yaydığı məlumata görə, Kim Yo Çjon İsveçrənin Sondovon Beynəlxalq Uşaq Düşərgəsini sanksiya siyahısına daxil etməsini ölkəsinin suverenliyinin pozulması kimi qiymətləndirib.
Şimali Koreyanın dövlət mediasında yayımlanan bəyanatda İsveçrənin qərarı “açıq düşmənçilik aktı” və ölkənin suverenliyinə “ciddi müdaxilə” adlandırılıb.
Kim Yo Çjon bildirib ki, Pxenyan İsveçrənin diplomatik nümayəndəliyinin fəaliyyətini dayandırmaq imkanını nəzərdən keçirəcək.
Mübahisənin mərkəzində Şimali Koreyanın Vonsan şəhərində yerləşən Sondovon Beynəlxalq Uşaq Düşərgəsi dayanır.
İsveçrə hakimiyyəti düşərgəni Rusiyanın işğalı altındakı Ukrayna ərazilərindən uşaqların Şimali Koreyaya köçürülməsi ilə əlaqəli fəaliyyətlərə görə sanksiya siyahısına daxil edib. Sanksiya sənədlərində düşərgənin ukraynalı uşaqların ideoloji təsirə məruz qalması və hərbiləşdirilmiş təlim proseslərinə cəlb olunması ilə əlaqəsi olduğu bildirilir.
Diplomatik gərginliyin diqqətçəkən tərəfi İsveçrənin Pxenyandakı nümayəndəliyinin cəmi bir ay əvvəl yenidən fəaliyyətə başlamasıdır.
İsveçrənin xarici işlər naziri İnyatsio Kassis oktyabrın 29–30-da Şimali Koreyaya səfər edib və ölkənin xarici işlər naziri Çve Son Hi ilə danışıqlar aparıb. Səfər çərçivəsində tərəflər siyasi dialoqun və diplomatik əlaqələrin inkişafını müzakirə ediblər.
İsveçrənin rəsmi məlumatına əsasən, diplomatik ofis oktyabrın 19-da fəaliyyətini bərpa edib və İsveçrənin Pekindəki səfirliyinə tabedir.