İranda hicabsız konsert verən 29 yaşlı müğənniyə 74 qamçı zərbəsi vuruldu

İranlı müğənni Pərəstu Əhmədi hicabsız konsert verdiyinə görə 74 qamçı zərbəsi ilə cəzalandırılıb. Onunla birlikdə üç musiqiçi və bir prodüser də eyni cəzaya məruz qalıb.

14

İranda məcburi hicab qaydalarına əməl etmədən konsert verən 29 yaşlı müğənni Pərəstu Əhmədi 74 qamçı zərbəsi ilə cəzalandırılıb. Onunla birlikdə üç musiqiçi və konsertin prodüseri də eyni cəzaya məruz qalıb.

MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, hökm noyabrın 23-də İranın Qum şəhərində icra olunub. Müğənninin vəkili Mustafa Nili cəzanın həyata keçirildiyini təsdiqləyib.

Hadisənin əsasında 2024-cü ilin dekabrında keçirilən və “YouTube” platformasında canlı yayımlanan konsert dayanır. Əhmədi Qum yaxınlığındakı tarixi Deyr-e Gəçin karvansarasında baş örtüyü olmadan, çiyinləri açıq geyimdə səhnəyə çıxıb.

Konsert yerində tamaşaçı iştirak etməsə də, çıxışın internetdə yayımlanması böyük diqqət çəkib. İran hakimiyyəti daha sonra müğənni və onun komandasına qarşı cinayət işi açıb.

Məhkəmə onları internetdə əxlaqa zidd məzmun hazırlamaq və yaymaqla ictimai əxlaq normalarını pozmaqda təqsirli bilib.

“Al Jazeera” telekanalının məlumatına əsasən, Əhmədi və komandasının dörd üzvünə 74 qamçı zərbəsi ilə yanaşı, iki il müddətinə musiqi və digər incəsənət fəaliyyətləri ilə məşğul olmaq, həmçinin ölkəni tərk etmək qadağası tətbiq olunub.

Müğənninin vəkili bildirib ki, müdafiə tərəfi hökmün ləğvinə və ya yüngülləşdirilməsinə çalışsa da, buna nail ola bilməyib.

İran qanunvericiliyinə əsasən, qadınların ictimai yerlərdə hicab taxması məcburidir. Qadınların kişilərin də iştirak etdiyi auditoriya qarşısında solo ifalarına da ciddi məhdudiyyətlər tətbiq olunur.

Hadisə beynəlxalq insan hüquqları təşkilatlarının etirazına səbəb olub. Hüquq müdafiəçiləri qamçı cəzasını işgəncə hesab edərək onun tətbiqini pisləyiblər.

Norveçdə fəaliyyət göstərən Hengaw İnsan Hüquqları Təşkilatı da hökmün icrasını təsdiqləyərək bunu ifadə və yaradıcılıq azadlığının pozulması kimi qiymətləndirib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30