İranın Bəhreynə endirdiyi zərbə nəticəsində mülki sənaye obyektində güclü yanğın başlayıb. Bəhreyn hakimiyyəti Tehranı mülki infrastrukturu hədəfə almaqda ittiham edərək beynəlxalq ictimaiyyətdən təcili tədbirlər görülməsini tələb edib.
MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Bəhreyn Daxili İşlər Nazirliyi noyabrın 21-də İranın hücumu nəticəsində sənaye obyektinə maddi ziyan dəydiyini və ərazidə yanğın başladığını açıqlayıb. Mülki müdafiə qüvvələri yanğının söndürülməsi üçün hadisə yerinə cəlb olunub.
İlkin məlumatlarda xəsarət alanların olmadığı bildirilsə də, “The National” nəşrinin noyabrın 22-də yaydığı məlumata əsasən, hadisə nəticəsində iki nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
“AFP” agentliyinə danışan yerli sakinlər ölkənin şərqində yerləşən Sitra adası üzərində qatı tüstü müşahidə etdiklərini bildiriblər. Ərazidə Bəhreynin mühüm sənaye müəssisələri, o cümlədən dövlətə məxsus Bapco şirkətinin neft emalı zavodu yerləşir. Lakin vurulan obyektin dəqiq adı rəsmi şəkildə açıqlanmayıb.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyndə yerləşən ABŞ hərbi mövqelərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib. Tehran əməliyyatın Əl-Riffa və Avali bazalarındakı Amerika hərbi obyektlərini hədəf aldığını, hücumun İranın hava məkanının pozulmasına və Henqam adasındakı radar qurğusuna zərbəyə cavab olduğunu bildirib. Bu iddiaların nəticələri müstəqil şəkildə təsdiqlənməyib.
Noyabrın 22-də Bəhreyn Xarici İşlər Nazirliyi hücumları ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib. “Anadolu Agentliyi” bildirir ki, Manama BMT Təhlükəsizlik Şurasını İrana qarşı qəti tədbirlər görməyə çağırıb və dəymiş ziyana görə tam təzminat ödənilməsini tələb edib.
Qeyd edək ki, Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı yerləşir. Son hücumlar İranla ABŞ arasında hərbi qarşıdurmanın Fars körfəzindəki digər ölkələrin təhlükəsizliyinə də təsir etdiyini göstərir.