Pentaqondan Kanada ilə hərbi əlaqələrə məhdudiyyət

Pentaqon ABŞ və Kanada hərbçiləri arasında qeyri-rəsmi əlaqələri məhdudlaşdıran məxfi memorandum yayıb. Qərarın detalları və rəsmi açıqlamalar məlum olub.

15

ABŞ Müdafiə Nazirliyi Vaşinqton və Ottava arasında münasibətlərin gərginləşdiyi bir vaxtda Amerika və Kanada hərbçilərinin qeyri-rəsmi görüşlərini və sosial əlaqələrini məhdudlaşdıran məxfi memorandum qəbul edib.

MSNews.az xəbər verir ki, “The Washington Post” qəzetinin məlumatına görə, sənəd ABŞ-nin müdafiə naziri Pit Heqset tərəfindən ötən həftə müvafiq qurumlara göndərilib. Məhdudiyyətlər iki ölkənin hərbi nümayəndələrinin sosial tədbirlərdə və analitik mərkəzlərin təşkil etdiyi görüşlərdə iştirakını əhatə edir.

“Associated Press” bildirir ki, respublikaçı senator Mayk Raunds yeni qaydaların əsasən qeyri-rəsmi təmaslara aid olduğunu və birgə hərbi əməliyyatlara təsir göstərməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, amerikalı hərbi rəsmilər bəzi tədbirlərdə iştirak etmək üçün əvvəlcədən icazə almalıdırlar.

Pentaqonun sözçüsü Şon Parnell isə məhdudiyyətlərin NATO çərçivəsində əməkdaşlığa, kəşfiyyat məlumatlarının mübadiləsinə və Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığının (NORAD) fəaliyyətinə təsir etməyəcəyini vurğulayıb.

Kanadanın müdafiə naziri Devid Makqinti “Reuters” agentliyinə açıqlamasında memorandumu görmədiyini və ölkələr arasında hərbi əməkdaşlıqda hər hansı dəyişiklik müşahidə etmədiyini bildirib. O, iki ölkənin silahlı qüvvələrinin birgə fəaliyyətini davam etdirdiyini qeyd edib.

Qərar ABŞ Prezidenti Donald Trampın Kanadaya qarşı ticarət siyasəti və ölkənin ABŞ-nin 51-ci ştatına çevrilməsi ilə bağlı təkrarlanan bəyanatları fonunda gündəmə gəlib. Bununla belə, memorandumun tam mətni ictimaiyyətə açıqlanmadığından məhdudiyyətlərin bütün detalları məlum deyil.