ABŞ Senatında hər iki partiyanı təmsil edən bir qrup senator Pentaqondan Ukrayna və Baltik ölkələri üçün nəzərdə tutulan 600 milyon dollarlıq təhlükəsizlik yardımının gecikdirilmədən ayrılmasını tələb edib.
“Associated Press”–in məlumatına görə, senatorlar müdafiə naziri Pit Heqsetə məktub göndərərək əvvəllər Konqres tərəfindən təsdiqlənmiş maliyyənin dərhal istifadəyə verilməsini istəyiblər.
Söhbət Ukrayna üçün ayrılmış 400 milyon dollar, Estoniya, Latviya və Litvadakı müdafiə proqramları üçün nəzərdə tutulmuş 200 milyon dollar vəsaitdən gedir. Bu maliyyə Konqres tərəfindən ötən il təsdiqlənsə də, hələ də tam şəkildə istifadəyə verilməyib.
Məktubu demokrat senator Dik Durbin və respublikaçı senator Çak Qrassli imzalayıb. Sənədə respublikaçı senatorlar Kevin Kramer və Tom Tillis, demokrat senatorlar Maykl Bennet və Ketrin Kortez Masto da qoşulublar. Senatorlar bildiriblər ki, Ukrayna artıq dörd ildir Rusiyanın hücumlarına qarşı mübarizə aparır və ABŞ-ın davamlı dəstəyinə layiqdir.
Nəşr yazır ki, Heqset üç həftədən çox əvvəl Konqres dinləməsində Ukrayna üçün ayrılan vəsaitin “azad edildiyini” və xərcləmə planının tezliklə qanunvericilərə təqdim olunacağını bildirmişdi. Lakin senatorların sözlərinə görə, Pentaqon 15 may üçün müəyyən edilmiş son tarixi ötürüb və plan hələ də təqdim edilməyib.
Senatorlar gecikmələrin xüsusilə ABŞ qoşunlarının regiondan mümkün çıxarılması barədə məlumatlar fonunda təhlükəli olduğunu vurğulayıblar. Onların fikrincə, əlavə ləngimələr Rusiyanın çəkindirilməsi imkanlarını zəiflədə bilər.
Bu məsələ Konqreslə Tramp administrasiyası arasında Ukraynaya dəstək siyasəti ətrafında gərginliyin artdığı bir dövrə təsadüf edir. AP-nin məlumatına görə, Nümayəndələr Palatasında demokratların dəstəklədiyi ayrıca təşəbbüs də gündəmdədir; həmin paket Rusiyaya qarşı yeni sanksiyalar və Ukraynaya 1 milyard dollarlıq hərbi yardım nəzərdə tutur, lakin onun qanuna çevrilmə ehtimalı qeyri-müəyyən olaraq qalır.