Danimarka hökuməti Rusiyanın ölkədəki hərbi attaşesini “persona non grata” (arzuolunmaz şəxs) elan edib. Rusiyalı diplomata Danimarka ərazisini tərk etməsi üçün 7 gün vaxt verilib.
MSNews.az xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen noyabrın 20-də keçirdiyi mətbuat konfransında açıqlama verib. Məlumatı “Anadolu Agentliyi” yayıb.
Nazirin sözlərinə görə, Rusiyanın Danimarkadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona hərbi attaşenin ölkədən çıxarılması barədə rəsmi qərar təqdim edilib.
“Biz Rusiya səfiri ilə görüşərək hərbi attaşenin arzuolunmaz şəxs elan edilməsi və ölkədən çıxarılması barədə qərarımızı bildirdik. O, yeddi gün ərzində Danimarkanı tərk etməlidir”, – deyə Rasmussen bildirib.
Qərar Danimarka təhlükəsizlik orqanlarının ölkə ərazisində Ukrayna əsilli ABŞ vətəndaşına qarşı sui-qəsd planının qarşısının alındığını açıqlamasından sonra qəbul edilib.
“Reuters” agentliyinin məlumatına görə, Danimarka təhlükəsizlik qurumları sui-qəsd planının arxasında Rusiya kəşfiyyatının dayandığından şübhələnirlər. İddialar hələ məhkəmə qərarı ilə təsdiqlənməyib.
Kopenhagen bununla yanaşı, Rusiya vətəndaşlarına zəruri olmayan səfərlər üçün vizaların verilməsini məhdudlaşdırmaq qərarına gəlib. Danimarka hökuməti Rusiyaya bağlı gəmilərlə əlaqədar əlavə məhdudiyyətləri də nəzərdən keçirir.
Rusiya Xarici İşlər Nazirliyi isə Danimarkanın qərarına qarşı cavab tədbirləri görüləcəyini bildirib.