Somalinin paytaxtı Moqadişoda ordu bölmələrinin maaş borclarının ödənilməsi tələbi ilə etiraz etdiyi, şəhərin bəzi yollarında maneələr qurduğu və vəziyyətin silahlı gərginliyə çevrildiyi bildirilir. Sosial şəbəkələrdə və müxtəlif yerli mənbələrdə yayılan məlumatlara görə, toqquşmalarda odlu silahlar, artilleriya və zirehli texnikadan istifadə olunub. Hazırda ölən və yaralananların sayı ilə bağlı rəsmi təsdiqlənmiş məlumat yoxdur.
İlkin məlumatlara əsasən, bu gün səhər saatlarında Somali ordusunun bir neçə bölməsi maaş borclarının ödənilməsini tələb edərək paytaxtın əsas yollarında hərəkəti məhdudlaşdırıb. Hərbçilərin Müdafiə Nazirliyi istiqamətində yürüş edəcəkləri ilə bağlı xəbərdarlıq etdikləri bildirilir. Sosial şəbəkələrdə yayılan məlumatlarda hadisələrin sonradan qarşıdurmaya çevrildiyi və mülki şəxslər də daxil olmaqla itkilərin olduğu iddia edilir. Bu iddialar hələlik Somali hökuməti və beynəlxalq xəbər agentlikləri tərəfindən tam təsdiqlənməyib.
Moqadişoda təhlükəsizlik qüvvələrinin maaş gecikmələrinə görə etiraz etməsi yeni hal deyil. 2017-ci ildə Somali hərbçiləri ödənilməmiş maaşlara görə paytaxtda yolları bağlamış və ticarət fəaliyyətinin dayanmasına səbəb olmuşdu. Həmin vaxt yüzlərlə hərbçi əsas yolları və qovşaqları bağlayaraq hökumətdən ödənişlərin həyata keçirilməsini tələb etmişdi.
Bənzər hadisə 2017-ci ilin mayında da yaşanmışdı. “Garowe Online”-ın məlumatına görə, Somali hökumət qüvvələri maaş borclarına etiraz olaraq Müdafiə Nazirliyinin qərargahını ələ keçirmiş, yaxın küçələri bağlamışdı. Həmin hadisə də orduda ödəniş problemlərinin təhlükəsizlik sistemi üçün ciddi risk yaratdığını göstərmişdi.
Son gərginlik Somalidə siyasi qarşıdurmanın da artdığı bir vaxta təsadüf edir. “WardheerNews” yazır ki, müxalifət qüvvələri Prezident Həsən Şeyx Mahmudun dialoq təşəbbüsünə qarşı mayın 10-da Moqadişoda kütləvi etiraz çağırışı edib. Nəşr ölkədə siyasi dialoq perspektivinin zəiflədiyini və paytaxtın yeni qarşıdurma ocağına çevrilə biləcəyini qeyd edir.
Somali uzun illərdir “Əş-Şəbab” qruplaşması ilə mübarizə aparır və təhlükəsizlik sektorunda maaş, təchizat, korrupsiya və idarəetmə problemləri tez-tez ordunun döyüş qabiliyyətinə təsir edən əsas amillər kimi göstərilir. Somali ordusunda maaşların gecikməsi və təminat çatışmazlığı ölkənin “Əş-Şəbab”a qarşı mübarizəsini zəiflətdiyi vurğulanır.
Hadisə ilə bağlı rəsmi açıqlama və təsdiqlənmiş itki sayı gözlənilir.