Putin və Tramp Çində görüşdü

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində ikitərəfli görüş keçiriblər. Danışıqlar APEC sammiti çərçivəsində baş tutub.

31

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da Çinin Şençjen şəhərində ikitərəfli görüş keçiriblər. Liderlərin danışıqları Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutub.

MSNews.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Görüş əvvəlcə yerli vaxtla səhər saatlarında başlayıb. Sonradan yayılan məlumatlara əsasən, Putin və Tramp arasında danışıqlar bir saatdan az davam edərək başa çatıb.

Bu, iki liderin 2025-ci ilin avqustunda ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində keçirilmiş sammitdən sonra ilk ayrıca üzbəüz görüşü olub.

“Vedomosti” nəşrinin məlumatına görə, görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov, ABŞ tərəfdən isə dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessent iştirak ediblər.

Tramp danışıqlar başlamazdan əvvəl Putinlə münasibətlərini müsbət qiymətləndirərək görüşün məhsuldar olacağına ümid etdiyini bildirib.

Görüşdə Ukraynadakı müharibə və ikitərəfli münasibətlərin də müzakirə edildiyi bildirilsə də, əldə olunan konkret razılaşmalar barədə ətraflı məlumat açıqlanmayıb.

Bundan əlavə, noyabrın 19-da Putin, Tramp və Çin lideri Si Cinpinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.