İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blok parlamentdə daha bir mühüm mövqeyini itirib. Qadi Eyzenkotun Yaşar Partiyasının nümayəndəsi Mattan Kahana 66 səslə Knessetin yeni spikeri seçilib.
MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Noyabrın 17-də keçirilən səsvermədə Kahana Netanyahunun Likud Partiyasının namizədi Ofir Katzı məğlub edib. Katz 52 səs toplayıb.
Bununla da Knessetin əvvəlki spikeri, Likud üzvü Amir Ohana vəzifəsindən ayrılıb. Yeni spikerin seçilməsi Eyzenkotun rəhbərlik etdiyi siyasi blokun parlamentdə mövqelərini gücləndirib.
“The Times of Israel” nəşrinin məlumatına görə, ərəb partiyalarının dəstəyi səsvermənin nəticəsində mühüm rol oynayıb. RAAM və Birləşmiş Siyahı partiyalarının deputatları Eyzenkot blokunun namizədini dəstəkləyiblər.
Səsvermədən sonra Kahana Knessetin bütün İsrail vətəndaşlarının parlamenti olduğunu bildirərək siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsin spikeri olacağını bəyan edib.
Yeni spikerin seçilməsi Netanyahu blokunun parlamentin gündəliyinə təsir imkanlarını zəiflədir. Bununla belə, Knesset rəhbərliyinin dəyişməsi avtomatik olaraq hökumətin dəyişməsi demək deyil. İsraildə yeni hökumətin formalaşdırılması üzrə danışıqlar davam edir.