Moskvaya kütləvi PUA hücumu – Krım körpüsü vuruldu

Rusiya paytaxtı Moskva və Krım körpüsü pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb. Vnukovo, Domodedovo və Jukovski hava limanlarında uçuşlar müvəqqəti məhdudlaşdırılıb. Rusiya Müdafiə Nazirliyi gecə ərzində 1400-dən çox PUA-nın vurulduğunu iddia edir.

57

Rusiya paytaxtı Moskva və Krım körpüsü noyabrın 16-dan 17-nə keçən gecə genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumlarının hədəfinə çevrilib. Hava təhlükəsi səbəbindən Moskvanın üç hava limanında uçuşlar müvəqqəti dayandırılıb, Krım körpüsündə isə nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib.

MSNews.az xəbər verir ki, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin qəbuluna və yola salınmasına müvəqqəti qadağa qoyulduğunu açıqlayıb.

Rusiyanın “İnterfaks” agentliyinin məlumatına görə, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib. Noyabrın 17-də saat 03:21-də (Moskva vaxtı ilə) hava limanları müvafiq qurumlarla razılaşdırılmış rejimdə uçuşları bərpa etməyə başlayıb. Səhər saatlarında isə məhdudiyyətlər aradan qaldırılıb.

Moskva meri Sergey Sobyanin noyabrın 16-sı axşam saatlarından paytaxt regionuna doğru hərəkət edən çoxsaylı pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini bildirib.

İlkin məlumatlarda Moskva istiqamətində 150-dən çox PUA-nın vurulduğu qeyd olunurdu. Sonrakı açıqlamalarda rəqəmlər daha da artıb. “Moskva 24” telekanalının məlumatına görə, Sobyanin noyabrın 16-sı saat 17:00-dan 17-si saat 07:00-dək Moskva regionuna istiqamətlənən təxminən 800 PUA-nın, o cümlədən paytaxta yaxınlaşan 321 pilotsuz aparatın vurulduğunu açıqlayıb.

Hücumların digər istiqaməti Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasını Rusiya ərazisi ilə birləşdirən Kerç körpüsü olub.

“Reuters” agentliyinin məlumatına görə, Rusiya rəsmiləri Krım körpüsünə ardıcıl ikinci gün hücum edildiyini bildiriblər.

Krımın Rusiya tərəfindən təyin olunmuş rəhbəri Sergey Aksyonov körpüdə nəqliyyatın hərəkətinin dayandırıldığını açıqlayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov əvvəlki hücum nəticəsində körpüyə cüzi ziyan dəydiyini bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, noyabrın 16-sı saat 20:00-dan 17-si saat 08:00-dək ölkənin müxtəlif bölgələri üzərində 1441 Ukrayna pilotsuz uçuş aparatı məhv edilib.

Nazirlik bildirir ki, hava hücumundan müdafiə sistemləri Moskva regionu, Krım, Krasnodar diyarı və digər bölgələrlə yanaşı, Qara və Azov dənizləri üzərində də fəaliyyət göstərib.

Bu, Moskvanın müharibə dövründə açıqladığı ən yüksək gecəlik PUA məhvetmə göstəricilərindən biridir. Lakin rəqəmlər müstəqil şəkildə təsdiqlənməyib.

Krımın Leninski rayonunda hücum nəticəsində iki nəfərin öldüyü də bildirilib. Körpünün konstruksiyasına ciddi ziyan dəyməsi barədə yayılan məlumatların həqiqiliyi isə hələ təsdiqlənməyib.

Hava limanlarının fəaliyyətində fasilələr səbəbindən Moskvaya istiqamətlənən ən azı 13 təyyarə ehtiyat hava limanlarına yönləndirilib. Noyabrın 17-si səhər saatlarında Vnukovo, Domodedovo və Jukovski hava limanları üçün tətbiq edilən məhdudiyyətlər götürülüb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.