Taliban: Əfqanıstanın 500 minə yaxın hərbçisi var

Taliban hökumətinin daxili işlər naziri Siracəddin Həqqani Əfqanıstanın təhlükəsizlik və müdafiə qüvvələrinin sayının 500 minə yaxınlaşdığını bildirib. O, ölkənin başqa dövlətlərə qarşı təcavüz niyyətinin olmadığını açıqlayıb.

74

Əfqanıstanda Taliban hökuməti ölkənin təhlükəsizlik və müdafiə qüvvələrində 450–500 min nəfərin xidmət etdiyini açıqlayıb. Hakimiyyət ölkənin hərbi potensialının yalnız müdafiə məqsədləri üçün inkişaf etdirildiyini bildirib.

MSNews.az xəbər verir ki, bu barədə Taliban hökumətinin daxili işlər naziri Siracəddin Həqqani Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin buraxılış mərasimində danışıb.

Məlumatı “Tasnim” və “AtlasPress” yayıb.

Həqqani bildirib ki, Əfqanıstan son dörd onillikdə öz ərazisini müstəqil şəkildə müdafiə edə biləcək güclü orduya malik olmayıb. Onun iddiasına görə, əvvəlki hökumətlər dövründə silahlı qüvvələr ölkənin deyil, xarici dövlətlərin maraqlarına xidmət edib.

Nazir vurğulayıb ki, Əfqanıstan başqa dövlətlərə qarşı düşmənçilik niyyəti daşımır və hərbi gücünü təcavüz məqsədilə artırmır. O, ölkədə təhlükəsizliyin təmin edilməsinin bütün regionun və beynəlxalq ictimaiyyətin maraqlarına uyğun olduğunu qeyd edib.

Mərasimdə çıxış edən müdafiə naziri Məhəmməd Yaqub Mücahid də Əfqanıstan ərazisindən digər dövlətlərin təhlükəsizliyinə qarşı istifadə edilməsinə icazə verilməyəcəyini bildirib.

“Bakhtar” agentliyinin məlumatına görə, tədbirdə altı aylıq hazırlıq proqramını tamamlayan 1000 xüsusi təyinatlı hərbçi məzun olub. Hərbçilər pilotsuz uçuş aparatlarının iştirakı ilə praktiki təlimlər də nümayiş etdiriblər.

Bununla belə, Talibanın açıqladığı 450–500 min nəfərlik şəxsi heyət sayı müstəqil şəkildə təsdiqlənməyib. BMT Təhlükəsizlik Şurasının 2025-ci ilin dekabrına aid qiymətləndirməsində Talibanın təhlükəsizlik aparatının 380–450 min nəfərdən ibarət olduğu göstərilmişdi.