Trampdan ölüm hökmləri qərarına sərt reaksiya: “Fəlakətdir!”

ABŞ Prezidenti Donald Tramp Kaliforniya qubernatoru Qevin Nyusomun ölüm hökmlərini ömürlük həbslə əvəz etmək qərarını sərt tənqid edib. Qərarın ləğv olunmasını tələb edib.

62

ABŞ Prezidenti Donald Tramp Kaliforniya qubernatoru Qevin Nyusomun yüzlərlə məhkumun ölüm hökmünü ömürlük həbslə əvəz etmək qərarını sərt tənqid edib. O, bu addımı Amerika ədalət sistemi üçün fəlakət adlandırıb.

MSNews.az xəbər verir ki, Tramp noyabrın 14-də Truth Social platformasında paylaşım edərək Nyusomun qərarının ağır cinayətlər törətmiş şəxslərin layiqli cəza almasına mane olduğunu bildirib.

Bu barədə “Just the News” məlumat yayıb.

ABŞ Prezidenti paylaşımında 563 məhkumun ölüm hökmünün dayandırılmasını tənqid edərək onların arasında xüsusilə ağır cinayətlər törətmiş şəxslərin olduğunu vurğulayıb.

Tramp Nyusomu səriştəsizlikdə ittiham edib və qərarın qətl qurbanlarının ailələrinə ağır təsir göstərdiyini bildirib.

“Bu qərar Amerika ədaləti üçün fəlakətdir. Ümid edirəm ki, ləğv olunacaq”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, Kaliforniya qubernatoru noyabrın 5-də 548 məhkumun ölüm hökmünün şərti azadlığa buraxılma imkanı olmayan ömürlük həbslə əvəz edilməsi prosesinə başladığını açıqlayıb. Trampın göstərdiyi 563 rəqəmi ilə rəsmi qərarın əhatə etdiyi məhkumların sayı fərqlənir.

Nyusom qərarını ölüm cəzasının ədalətli tətbiq edilməməsi və məhkəmə səhvləri riski ilə əsaslandırıb. O, dövlət tərəfindən həyata keçirilən edamların Kaliforniyanın hüquqi dəyərlərinə zidd olduğunu bildirib.

Qərar məhkumların azadlığa buraxılması demək deyil. Onlar ömürlərinin sonunadək həbsdə qalacaqlar. Hökmü dəyişdirilən şəxslərin bir hissəsi ilə bağlı qərarın qüvvəyə minməsi üçün Kaliforniya Ali Məhkəməsinin razılığı tələb olunur.